Doğum və ölüm. İnsan ömrü bu iki tarix arasına sığışır. Kimini payına düşən zaman məsafəsi çox, bir başqasının payına düşən az olur. Mərhum jurnalist Təranə Qasımovanın (Niftalıqızının) bəxtinə düşən ömür payı çox qısa oldu. Gəlimli-gedimli, son ucu ölümlü dünyada onun nakam taleyinə cəmi 27 il yaşamaq düşdü.
1990-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Təranə cəmi iki il sevib-seçdiyi sahədə işlədi. Qəfil gələn vaxtsız və faciəli ölüm onu çox erkən ana torpağın isti qoynuna apardı...
Mərhum jurnalistin tələbə yoldaşları bir araya gələrək onun xatirəsinə həsr olunan “Yoxluğunu bilə-bilə…” adlı kitab hazırlayıb. Artıq işıq üzü görmüş kitabın müəllifi Solmaz Babaşovadır. Müəllif mərhum Təranə Qasımovanı tanıyanların, onunla bir yerdə təhsil almış qrup yoldaşlarının, iş yoldaşları və həmkarlarının xatirələrini toplayaraq bu kitaba sığışdırıb. Kitaba həm də mərhum jurnalistin sağlığında dövrü mətbuatda dərc olunan məqalələri, esse və müsahibələri daxil edilib.
8 Mart Beynəlxalq Qadınlar bayramı ərəfəsində Təranənin tələbə yoldaşları onun ailəsinə baş çəkərək mərhum jurnalistin xatirəsinə həsr olunan kitabı ailə üzvlərinə və qohumlarına təqdim ediblər.