Təhsil Nazirliyindən 11 nomrəli internat məktəbinə dair AÇIQLAMA
24 noyabr 2014 17:24 (UTC +04:00)

Təhsil Nazirliyindən 11 nomrəli internat məktəbinə dair AÇIQLAMA

 

Təhsil Nazirliyi 11 saylı internat məktəbində baş verənlərlə əlaqədar səslənən fikirlərə dair rəsmi açıqlama verib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, son vaxtlarda mediada adı çox hallandırılan 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində bir sıra keyfiyyət dəyişiklikləri baş verib: “Bu il müəssisəyə yeni təyin olunan rəhbərlik müəssisənin fəaliyyətini qaydaya salmaq üçün bır sıra tədbirlər həyata keçirib. Bu tədbirlər kollektivdə sağlam ab-havanın yaranmasından məmnun olmayan və əvvəlki rəhbərlikdə təmsil olunan bəzi şəxslərin və özlərini “uşaq müdafiəçiləri” hesab edən himayədarlarının qəzəbinə səbəb olub. Bu iki qrupun iş birliyi nəticəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların məsumluğundan istifadə edilərək, sifarişli və qərəzli xarakter daşıyan materiallar hazırlanıb KİV-ə ötürülür, kollektivdə çalışan müəllim və tərbiyəçilərin fədakar və təmənnasız əməyinə kölgə salınır.

 

Çox təəssüflər olsun ki, istər bu ilin mayında 7 nömrəli, istərsə də bu günlərdə 11 nömrəli internat məktəblərində uşaqların görüntülərindən istifadə edilməklə hazırlanan, heç bir əxlaq və mənəviyyata sığmayan sensasiya xarakterli materiallar eyni ssenari və həftənin eyni günündə təqdim olunur.

 

 

Əslində isə nə baş verib? 11 nömrəli internat məktəbində əvvəllər rəhbər vəzifələrdə işləmiş Mülkicahan Əliyeva öz qeyri-sağlam ambisiyaları ilə kollektivdə hərc-mərclik, özbaşınalıq mühiti yaratmağa çalışıb, müəssisənin işgüzar nüfuzuna xələl gətirib. Son hadisədən üç həftə əvvəl həmin şəxs ictimai ajiotaj yaratmaq həvəsi ilə internatda uşağın yüngül yanıq xəsarəti alması faktının süni olaraq şişirdilməsinə çalışıb. Həmin vaxt istədiyinə nail olmayan bu xanım noyabrın 20-də sanitar qovşağında məlum çəkilişi təşkil edib. Bu və digər antipedaqoji hərəkətlərinə görə o, internat məktəbinin pedaqoji şurasının və həmkarlar təşkilatının rəyinə əsasən, 21.11.2014-cü il tarixli əmrlə tutduğu vəzifədən azad edilib. Elə həmin gün “sensasiyalı” video portallarda yerləşdirilib və “uşaq müdafiəçiləri” kimi təqdim olunan şəxslər mediada öz etirazlarını bildiriblər”.

 

 

Məlumatda qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən internatın fəaliyyətində pozuntuların olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq iş aparılır: “Lakin burada bir neçə məqam xüsusi maraq doğurur: əgər internat məktəbində illərlə pozuntular davam edirdisə, onda bu “uşaq əzabkeşləri” harada idilər? İkincisi isə ondan ibarətdir ki, bir çox hallarda “uşaq müdafiəçiləri” uşaqlara valideynlərindən daha çox “can yandırırlar”. Bu həm cari ilin mayında, həm də bu günlərdə baş verən analoji hallarda aydın görünür. Qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Bütün təhsil müəssisələrində, o cümlədən Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində qanun pozuntusu hallarına qarşı mübarizə hər hansı bir təzyiq və toxunulan maraqlara baxmayaraq bundan sonra da davam etdiriləcək”

 

 

# 1085
avatar

Oxşar yazılar