Həmyaşıdlarım onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından, tamaşaçılar isə dövlət televiziyasından sevə-sevə izlədikləri “Adı sənin, dadı mənim”, “Kökdən düşmüş piano”, “Bağışla”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Pəncərədə işıq” və digər televiziya tamaşalarından tanıyır.
Əslində onun haqqında danışmaq elə də asan deyil. Azərbaycanın ilk hərbi reportyorlarından olan Seyidağa Mövsümlü ermənilərin törətdikləri cinayətləri videolentə almaq üçün Qarabağın bütün rayonlarında, Naxçıvan və digər bölgələrimizdə olub.
Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun - Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. 1992-ci ildən Müdafiə Nazirliyin mətbuat mərkəzində operator kimi işə başlayıb.
Qarabağ hadisələri başlayandan kamera çiynində, silah da əlində olub.
Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində onunla Milli Qəhrəman Yusif Mirzəyevin anım günündə görüşdük. Səhhətindən şikayətlənsə də, müsahibədən imtina etmədi: "Operator kimi çəkiliş aparıram. Bir sənətkar kimi öz işimin peşəkarı olsam da, orda mən sənətimi unuduram. Qərbi Azərbaycandan qovulmuş soydaşlarımız, istər Xocalıdan olan soydaşlarımız, 1990-cı il 20 Yanvar hadisələri də daxil olmaqla elə bilirdim mən də onlardan biriyəm. Onlar da mənim anam, bacım və qardaşlarımdır".
Xocalı soyqırımı iki əsrdən artıq Azərbaycan xalqının başına gətirilən ən ağır faciələrin son akkordu idi: "Bütöv bir şəhər məhv edilmişdi. Yüzlərlə əsir götürülmüşdü. Biz Xocalıya çatanda fevralı 26-sı saat 11 radələri idi. Bizə heç kamera da verməmişdilər. Faciəni işıqlandırmaq üçün heç bir texniki vasitəmiz yox idi. O vaxt keçmiş millət vəkili Etibar Məmmədovun kamerasını istədim, o da verdi. Beləcə, başladım faciəni çəkməyə".
Həmin vaxtlar yaralandığı üçün hospitalda yatan, amma baş verənləri eşidən kimi yenidən cəbhə bölgəsinə yollanan Seyidağa Mövsümlü deyir ki, o günlərin ağrı-acısı, çəkilən nalələr, iniltilər hələ də qulağından getmir: "Şuşada yaralanmışdım. Yaralı olsam da, kiçik vertolyotla təcili Ağdama uçduq. Ağdamda gördüklərim məni daha da dəhşətə gətirdi. Xocalıdan sağ çıxmağa nail olmuş sakinlərin əksəriyyətinin qulağı, burnu kəsilmişdi. O vaxt Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun dəstəyi ilə darda qalan insanlara kömək edə bildik".
Milli Qəhrəman Allahverdi Bağırovun köməyi ilə Xocalıya girməyə nail olan Seyidağa Mövsümlü bir gecənin içərisində saçlarının ağardığını deyir: "Millətin heysiyyatına toxunmuşdular əclaflar. Qız-gəlinlər zorlanmış halda idi. Xocalıdan on gün əvvəl isə Qaradağlı kəndində eyni faciə yaşanmışdı. Qaradağlı sakinlərini də bütövlüklə qırmışdılar. Yaşlı qadın və kişini BMP-nin arxasına bağlayıb sürümüşdü ermənilər. Aqil adlı bir oğlanı çəkmişdim, bədənində əlli güllə yarısı vardı".
Seyidağa Mövsümlü deyir ki, tək o yox, Çingiz Mustafayev, Fəxrəddin Şahbazov, Tahir Qarayev, Nizami Abbas, Şakir Eminbəyli, Şakir Məmmədov, Ədil Arifoğlu, Babək Quliyev, Fikrət Qafarov, Ağdamlı Mətləb, Yevlaxlı İlham və adını çəkmədiyimiz xeyli operatorlar müharibə ilə bağlı çox qiymətli kadrlar çəkiblər.
Bu gün bəzən ürək ağrısı, bəzən qürur hissi ilə baxdığımız müharibə kadrlarını çəkmək ona elə də asan başa gəlməyib. Sağlamlığını itirmək bahasına əldə edib onları. Sözün əsl mənasında canını qoyub. Arzuları isə tükənməzdir: "İnşallah, millətimizə qismət olacaq qələbəni çəkək. Həmişə dostum Nizami Abbasla danışırıq, deyirəm gün o gün olsun ki, sənin kinokameranın və telekameramın obyektivləri Şuşada birləşsinlər. Və deyək ki, qələbədir!"