Akif Çovdarov məhkəmədə dilə gəldi: "Bəs, mən nə vaxt oğurluq edim?"
21 iyun 2017 19:20 (UTC +04:00)

Akif Çovdarov məhkəmədə dilə gəldi: "Bəs, mən nə vaxt oğurluq edim?"

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam edib.

 

Prosesdə Tağı Əhmədovun oğlu Ruslan Əhmədov suallara cavab verib. O, pulu əmisioğlu Əli Əhmədovla birlikdə A.Çovdarova verdiyini deyib.

 

 

Təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatət verərək həmin tarixə aid Ruslan Əhmədov, Əli Əhmədov, Akif Çovdarov və Çovdarovun sürücüsünün mobil telefonlarının anten məlumatlarının təqdim edilməsini istəyib. Hakim vəsatətə münasibət bildirməyərək müzakirəyə çıxarmayıb.

 

Prosesdə Çovdarov biznesmen İlqar Budaqovun dinlənilməsi epizodu üzrə ifadə verib. General qeyd edib ki, Budaqovun telefonlarının dinlənilməsi üçün məhkəmə qərarı olub.

 

 

General Akif Çovdarov prosesdə lətifə danışmağa başlayıb: "Bir nəfər oğurluq edir, məhkəmədə hakim buna deyir ki, utanmırsan gecə saat 2-də camaatın evinə girib narahat edirsən? Sonra buna iş kəsir, həmin adam həbsdən çıxandan sonra yenə oğurluq edir. Bu dəfə gündüz edir. İş yenə həmin hakimə düşür. Hakim yenə buna deyir ki, sən nə utanmaz adamsan, gündüz günorta çağı oğurluq edirsən. Oğru dözməyib deyir ki, cənab hakim, gecə oğurluq etdim elə dediniz, gündüz də etdim belə dediniz. Bəs mən nə vaxt oğurluq edim?. İndi mən də məhkəmə qərarı ilə də dinləmə aparanda günahkar oluram, məhkəmə qərarı olmadan dinləmə aparanda da. Mənim işim budur, dinləmə aparmalıyam".

 

Məhkəmə prosesi iyulun 3-də davam edəcək.

 

 

 

 

15:17

 

Akif Çovdarov və digərlərinin işi üzrə fasilə elan edilib.

 

 

Çovdarovun vəkili Sadiq Rəsulov açıqlamasında bildirib ki, hakim Həbib Həsənov vəkillərin Tağı Əhmədova suallar verməsinə imkan verməyib:"Akif Çovdarov da Tağı Əhmədovun prosesdə qalmasını və ona suallar vermək istədiyini dedi. Hakim bunu təmin etmədi. Biz ondan "44 illik əmək haqqı" olduğunu dediyi 3 milyon manatın mənbəyini soruşmaq istədik, hakim buna imkan vermədi. Biz 2006-cı ildən bəri Tağı Əhmədovun illik əmək haqqı haqda çıxarış almışıq.  Tağı Əhmədovun qazancı illik 20-25 min manat olub. Bu da heç bir halda 3 milyon etmir".

 

Sadiq Rəsulov qeyd edib ki, Tağı Əhmədov  istintaqa ifadəsini təsdiqləyib. Lakin onun məhkəmədə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyətlər olub: "Tağı Əhmədov istintaqda MTN əməkdaşı Rəsul Rəsulovla martın 26-da görüşdüyünü deyib və Rəsul Rəsulovun ondan 3-5 milyon manat pul tələb edildiyini bildirib. Tağı Əhmədov pulu düzəldib Çovdarova göndərib. Oğlu Ruslan Əhmədov və qardaşı oğlu Əli Əhmədov da pulu martın 26-27-də verdiklərini deyiblər. Anket məlumatlarında isə Tağı Əhmədovun həmin vaxt o ərazidə olmadığı bəlli olub. Sərhəd Xidmətinə verilən sorğumuza cavabda məlum olub ki, martın 26-da Tağı Əhmədov Dubayda olub".

 

Vəkilin sözlərinə görə, Tağı Əhmədov onun dediklərinə münasibət bildirməyib: "İstintaqda elə söz demədiyini dedi. Bu vaxt da hakim ona çıxıb getməsi göstərişini verdi, o da zaldan çıxdı".

 

 

Sadiq Rəsulov deyib ki, Tağı Əhmədov Eldar Mahmudov işdən çıxan günü Rəsul Rəsulova SMS yazıb: "O, Rəsula "Akif Çovdarova de pulu qaytarsın, bu, birincinin göstərişidir" yazıb. Biz birinci deyəndə kimi nəzərdə tutduğunu soruşduq. O isə "birinci özüməm, özüm özümə göstəriş vermişəm" dede,

 

Prosesdə Akif Çovdarov Tağı Əhmədovdan düz danışmasını tələb edib: " 8 il sənin kuratorun olmuşam. Bir dəfə də sənlə aramda telefon danışığı olmayıb".

 

T.Əhmədov da bunu təsdiqləyib.

***

 

12:47

 

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmədə şahid kimi ifadə verərkən istintaqa verdiyi ifadəsini təkrarlayıb. Lent.az-ın məlumatına görə, prosesdən çıxan zərərçəkənlər jurnalistlərə açıqlamasında qeyd ediblər ki, o, istintaqa verdiyi ifadəni təsdiqləyib. T.Əhmədov qeyd edib ki, 3 milyon manatı Çovdarovdan tələb edib. Məhkəmədə Akif Çovdarovun vəkillərinin "Sizin tələbiniz nədir?" sualına isə Tağı Əhmədov bu cür cavab verib: ""Leyli və Məcnun"u hamı oxuyub. Bütün dünya bilir ki, orada söhbət nədən gedir və Leyli Məcnundan nə istəyir. İndi də burada hər şey aydındır. Siz də savadlı adamsınız. Bilmirsiniz ki, mən nə istəyirəm? Verdiyim pulu istəyirəm".

 

Metropolitenin sabiq rəisi onu da qeyd edib ki, Akif Çovdarov ondan MTN üçün 10 "Range Rover" markalı avtomobil alınmasını istəyəndə "yox" deyib: "Eldar Mahmudova zəng elədim. Amma telefonu açmadı. Köməkçisi ilə danışdım. Mənə dedi ki, işimi Akif Çovdarova tapşırıb. Eldar Mahmudov mənim yerlimdir. Bir-birimizi çoxdan tanıyırdıq".

 

Prosesdən çıxan Tağı Əhmədov jurnalistlərin suallarını cavabsız qoyub. Sonda isə "sağ olun" deyib avtomobillinə minərək məhkəmədən gedib.

 

Proses davam edib. 

***

 

12:06

 

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

 

Prosesə  "Bakı Metropoliten"in sabiq rəisi Tağı Əhmədov gəlib.

 

O, bu gün zərərçəkmiş şəxs qismində dindiriləcək.

 

Proses başlayıb.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

 

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Səlcuq Elçin

Oxşar yazılar