Fevralın 16-da Gürcüstan paytaxtında «Gürcü Arzusu»nun qurultayında azərbaycanlı QHT rəhbəri partiyanın Siyasi Şurasının üzvü seçilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 21 nəfərdən ibarət olan şura üzvlərindən biri Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatının rəhbəri Əli Babayevdir. Məlumata görə, Əli Babayevin rəhbərlik etdiyi “Gürcüstan-Mənim Vətənimdir” adlı təşkilat 5 ildən artıqdır ki, qeydiyyatdan keçib və fəal fəaliyyət göstərir. Ə. Babayev eyni zamanda Gürcüstan azərbaycanlılarını öz ətrafında birləşdirən “Yeni Konqres” təşkilatının rəhbəridir və bu təşkilat Gürcüstan və Azərbaycan dövlətləri arasında dostluğun, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edir və eyni zamanda soydaşlarımızı narahat edən problemlərin həlli ilə məşğuldur.
Xatırladaq ki, fevralın 16-da Tiflis Filarmoniyasında “Gürcü Arzusu”nun 1681 nəfər nümayəndəsinin iştirak etdiyi qurultay keçirilib. Partiyanın qurultayında eyni zamanda 550 nəfər qonaq iştirak edib. “Gürcü Arzusu”nun qurultayında Gürcüstanın baş naziri Bidzina İvanişvili partiyanın fəxri sədri seçilib. Baş nazir Bidzina İvanişvilinin fəxri sədr seçilməsini qurultay nümayəndələri yekdilliklə dəstəkləyiblər.
Əli Babayev APA-ya açıqlamasında bütün bacarığını, səyini gürcü və Azərbaycan xalqının dostluq münasibətlərinin daha da yaxşılaşmasına sərf edəcəyini, Şuranın iclaslarında Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini mütəmadi olaraq qaldıracağını və bu problemlərin həllinə nail olacağını bildirib.