Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində korrupsiya və rüşvətxorluq halları ilə üzləşmiş vətəndaşların müraciətlərinin təxirə salınmadan araşdırılması və preventiv tədbirlərin həyata keçirilməsi davam etdirilir. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Salyan rayon sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri Quliyev Oqtay Tapdıq oğlunun evinin yaxınlığında yerləşən 0,15 ha torpaq sahəsinin ayrılması və bununla əlaqədar zəruri sənədlərin hazırlanması üçün ondan 10 min manat məbləğində rüşvət tələb etdiyini bildirib. İdarənin əməkdaşları tərəfindən 4 fevral 2013-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Oqtay Quliyev qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi şöbənin baş məsləhətçisi Yusif Dadaşovla şöbənin inzibati binasında, xidməti otağında həmin pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Şöbə müdirinin xidməti otağına keçirilmiş baxış zamanı rüşvət kimi alınmış 10 min manat pul və Salyan şəhər sakininin şəxsiyyət vəsiqəsi maddi sübut kimi hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb. Fakta görə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır. Oqtay Quliyev və Yusif Dadaşov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin əməkdaşının qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Müəyyən edilib ki, xidmətin Xəzər rayon idarəsinin sürücü-müfəttişi kimi rəsmiləşdirilmiş, faktiki olaraq Xəzər rayonunun Türkan qəsəbəsi üzrə həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların sənədlərinin qəbulunu və bununla bağlı vəzifəli şəxsin digər səlahiyyətlərini həyata keçirən Abdullayev Vaqif Köçəri oğlu Bakı şəhər sakininin yaxın qohumunun çəkisi və boyunun aşağı olmasına görə hərbi xidmətə yararsız olması ilə əlaqədar təkrar müayinədən keçirilməsi və dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq haqqında hərbi biletin verilməsi müqabilində sonuncudan 600 manat məbləğində rüşvət tələb edib. İdarənin əməkdaşları tərəfindən 30 yanvar 2013-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Vaqif Abdullayev xidməti otağında həmin pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. V.Abdullayevin xidməti otağına keçirilmiş baxış zamanı rüşvət kimi aldığı 600 manat məbləğində pul, ayrı-ayrı vətəndaşların adına olan şəxsi işlər və şikayətçinin qohumuna məxsus hərbi bilet maddi sübut kimi hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb. Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. Vaqif Abdullayev təqsirləndirilən şəxs qisimdə cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd edilən cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.