Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 2000-2009-cu illərdə nazirliyin Mənzil-İstismar İdarəsinin rəisi olmuş Mehman Hacalıyev ifadə verib. O, ifadəsində Mehman Səlimovu tanıdığını bildirib: "Mehman müəlim nazir müavini olub. Mən idarədə rəis olan dövrdə Mehmanın direktoru olduğu "STJ" MMC 6” ilə müqavilə bağlamışıq. İlk müqaviləmiz Yaşmada olan hərbi hissədə olub. İlk olaraq, biz "Metrotunel"lə müqavilə bağlamışdıq. Onlar iş görmədilər. Müqavilə ləvğ edildi. Həmin firmanı məhkəmə versək də, hər 3 instansiyada məğlub olduq. Sonra müqaviləni Mehman müəllimlə bağladıq. Sifariş verdiyimiz obyektlər mən olan dövrdə gec də olsa, təhvil verildi. Gecikmələrlə bağlı şifahi yazılı şəkildə xəbərdarlıq eləmişdik. Mən o vaxt Səfər Əbiyevə gecikmələrlə bağlı məruzə eləmişəm. Sadəcə o, özü Mehman müəllimlə danışacağını, problemi həll edəcəyini bildirdi. Obyektlər mən olan dövrdə təhvil verilib".
Hakim şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadələrin ziddiyyət təşkil etdiyini bildirib. Şahidin istintaqa verdiyi ifadə elan olunub. O, istintaqa verdiyi ifadəni təsdiq edib.
Hakim digər şahidlərin məhkəməyə gətirilməsi üçün Daxili İşlər və Müdafiə Nazirliklərinə müraciət edilməsi barədə qərar qəbul edib.
Məhkəmə prosesi noyabrın 13-də davam edəcək.