Şahid: “Sevinci Gülər Əhmədova zəhərləmişdi”- YENİLƏNİB
07 noyabr 2013 13:37 (UTC +04:00)

Şahid: “Sevinci Gülər Əhmədova zəhərləmişdi”- YENİLƏNİB

T.Səfərova ifadəsində onu da bildirib ki, bacısı ilə “skayp”da danışarkən, Sevinc ona tapşırıb ki, ehtiyatlı olsun: “Sevinc mənə deyirdi ki, hər şeyi danışma. Artıq suallar da vermə. Bizə qulaq asırlar. O, parollarla danışırdı. Biz gördük ki, Sevinci orda saxlayan adam çox təhlükəli adamdır. O, mafioz idi. Belində tapança var idi. Tapançanı da məqsədli şəkildə bizə göstərirdi ki, qorxaq. Biz Ayxanla ora gedəndə bizi Səlcuqun oğlu qarşıladı. Sevincin qaldığı yerə getdik. İçəri girəndə Sevinci tanıya bilmədik. Çox arıqlamışdı. Ac qalırdı. Evdə qənd-filan da yox idi. Mən Bakıya qayıdandan sonra Sevinc Gülərin bacısı Gülnarın nömrəsini vermişdi əlaqə saxlamaq üçün. Mən əvvəlcə Gülnarla danışdım. O, dedi ki, Gülər sənə zəng edəcək. Gülərlə danışdıq. Daha sonra Gülərlə mesajlaşdıq. Sonra Sevinc mənə dedi ki, Gülərlə görüşmə, elə et ki, o səni tanımasın. Sevinc bilirdi ki, oyunun içindədir”. 

 

***

13:24

Sevinc Babayevanın bacısı: “Həkimlər ona 6 ay ömür qoymuşdu”

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovaya qarşı açılmış cinayət işiylə ilə bağlı məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, prosesdə əvvəlcə mərhum Sevinc Babayevanın xalası Zərifə Cəbiyeva ifadə verib.

 

O, bildirib ki, 2012-ci ilin iyul ayında Gülər Əhmədova Sevinc Babayevanı zəhərləyib. Z.Cəbiyevanın sözlərinə görə, həmin ərəfədə G.Əhmədova S.Babayevanı restorana nahara dəvət edib və orada zəhərləyib: “Sevinc deyirdi ki, toyuq ətini ağzına qoyan kimi acı hiss edib. Nə qədər su içibsə, keçməyib. Evə gələndə də binanın blokunda yıxılmışdı. Bundan sonra onu “Semaşko”ya yerləşdirdik. Gömgöy qusurdu. Səhəri gün zəng edib dedi ki, qurban olum, məni burdan çıxarın, məni burda öldürəcəklər. Sonra onu başqa xəstəxanaya yerləşdirdik. Orda bir həftə müalicə olundu. Bir qədər yaxşılaşmışdı. Sentyabr ayında xəbər tutduq ki, Sevinc Türkiyəyə gedir. Bundan sonra Sevinclə yalnız telefonla danışa bilirdik. Özü zəng edirdi. Bizə deyirdi ki, onu Türkiyəyə Gülər Əhmədova göndərib. Türkiyədə də bir kişi qarşılayıb, evə yerləşdirib. Sevinc deyirdi ki, həmin türk çox qorxulu adamdı. Onu ac saxlayırmış. Gülər onun Bakıya qayıtmasına imkan vermirdi. Ona söz vermişdi ki, bir az da orda qalsa, ona Bakıda vəzifə verəcəklər”.

 

Daha sonra S.Babayevanın bacısı Təranə Səfərova ifadə verib. O da təxminən Z.Cəbiyevanın ifadəsində səsləndirdiyi fikirləri təkrarlayıb. T.Səfərova həmçinin, Türkiyəyə bacısının yanına getməsindən danışıb: “Səlcuq Ağlayan bizi idman kompleksinə Gülərlə “skayp”la danışmağa apardı. Gülər Əhmədova “skayp”da dedi ki, mən artıq həll etmişəm, 5 gün o yan - bu yanı var, kabinetin də hazırdır, darıxma, hər şey yaxşı olacaq. İkinci dəfə danışanda Sevinc başa düşdü ki, artıq oyunun içindədir. Bundan sonra Gülərə inanmırdı”.

 

T.Səfərova iddia edib ki, S.Babayeva Bakıda zəhərləndikdən sonra həkimlər ona 6 ay ömür qoyublar. “Həkim mənə dedi ki, bacını çox pis zəhərləyiblər, 6 ay ömrü qalıb. Zəhər bədənində dolaşıb, başına keçəndə öləcək. Elə ay ayı tamamlananda – dekabr ayında da öldü”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4989
avatar

Nizam Rza

Oxşar yazılar