Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədova barəsində olan cinayət işi ilə bağlı növbəti məhkəmə iclası davam edib. Lent.az-ın məlumatına görə, iclasda G. Əhmədovanın qohumları, eləcə də həyat yoldaşı Fikrət Əhmədov da iştirak edir.
Şahid qismində çıxış edən Elşad Abdullayevin keçmiş katibəsi, eləcə də ABU-da dekan müavini vəzifəsinə qədər irəliləmiş Tabat Şirvanova Sevinc Babayeva ilə münasibətindən, Elşad Abdullayevlə Sevinc Babayevanın əlaqələrindən və Gülər Əhmədovanı necə tanımasından danışıb. Onun ifadəsi ibtidai istintaq zamanı verdiyi ifadə ilə ziddiyyət təşkil etdiyindən məhkəmə ifadəni oxumalı olub. Şahid istintaqa verdiyi ifadəni təsdiq etməyib. O deyib ki, körpə uşağı olduğuna görə tez-tələsik müstəntiqin verdiyi ifadəyə qol çəkib. Şahid məhkəmədə verdiyi ifadədə deyib ki, S. Babayeva və E. Abdullayevin sıx, isti münasibətləri olub: “Sevinc ABU-ya tələbə yığırdı, attestatlar gətirirdi. Güləri isə bir dəfə, Sevincin bacısı qızının toyunda görmüşəm.
Elşad Abdullayevlə Sevinc Babayeva arasında elə münasibətlər olub ki, bunu qadınlığım ilə deyə bilmirəm”.
Bundan sonra məhkəmədə digər şahid, Sevinc Babayevanın rəfiqəsi və qonşusu olan Səadət İmranova ifadə verib.
Onun sözlərinə görə, Sevinc bir qədər yalançı idi, bəzi şeyləri şişirtməyi xoşlayırdı: Amma onu da deyim ki, ona bütün zənglər “211”lə başlayan nömrələrdən gəlirdi”.
Hazırda məhkəmədə fasilə elan olunub.