Sabirabad rayonunda baş verən zəncirvari qəzada 3 avtomobil toqquşub, iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Baş Dövlət Yol Polisinin (BDYP) istintaq idarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 40-cı kilometrliyində Sabirabad rayonunu ərazisində baş verib.
Belə ki, Hacıqabul isdiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil və eyni isdiqamətdə hərəkətdə olan, Sabirabad rayon Yasdıqobu kənd sakini Ağahüseyin Kazımovun idarə etdiyi “VAZ- 21011” markalı avtomaşınla, qarşıdan gələn Sumqayıt şəhər sakini, 1973-cü il təvəllüdlü Rafiq Əliyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ 21011” markalı avtomobilin surücüsü, Sabirabad rayonu Yasdıqobu kənd sakini Ağahüseyn Kazımov və “VAZ 21015” markalı avtomaşında olan sərnişin, 1971-ci il təvəllüdlü Mədət Qəzənfər oğlu Əliyev hadisə yerində ölüb. “VAZ 21015” markalı avtomobilin sürücüsü Rafiq Əliyev, sərnişinləri- 1962-ci il təvəllüdlü Afiq Əliyev, 1949-cu il təvəllüdlü Rövşən Əliyev və 1960-cı il təvəllüdlü Fərhad Qurbanov ağır bədən xəsarətləri ilə Sabirabad mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı BDYP-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.