Noyabrın 10-da “Yeni Müsavat” qəzetinin 24 yaşı tamam olub. Bununla bağlı qəzetin təsisçisi və baş redaktoru Rauf Arifoğlu Lent.az-ın suallarını cavablayıb.
- “Yeni Müsavat”ın arxada qoyduğu 24 ili necə qiymətləndirirsiniz?
- Geridə qalan 24 ili “Yeni Müsavat” üçün həm tarix yazma, həm də tarixə yazılma prosesi kimi qiymətləndirirəm.
- 24 ildə qəzetiniz üçün ən çətin dövrlər hansılar olub?
- Bu günə qədər bizim 5657 nömrəmiz çap olunub. Bu, həm də 5657 gün deməkdir. Bu, təxminən 15-16 il dayanmadan, fasiləsiz işləmək deməkdir. Bu zaman kəsimində çətin günlərimiz çox olub təbii ki. Ən ağır günlərimiz 1993-cü ildən sonrakı illər olub. Çünki həmin vaxt senzura şəraitində fəaliyyət göstərirdik. Yazılarımız senzorun qayçısının ucunda idi. O mərhələni ötürdük. Sonra 1998-ci ildə məhkəməyə verildik. Ölkə boyu 20 günlük geniş aclıq aksiyası keçirdik. Həmin dövr də ağır günlərdən sayılırdı. 2003-2005-ci ildəki həbsxana dövrü də qəzet üçün kifayət qədər ağır dönəm idi. Əslində ən ağır günlər idi. Çünki iki dəfə qəzetin çapı dayandı, biz hər şeyi sıfırdan başlamaq məcburiyyətində qaldıq. Sonrakı onillik mərhələdə isə ən ağır dövrümüzü indi yaşayırıq. Qəzetimizin mövcudluğu və bundan sonrakı davamiyyəti sual altına düşüb. Bildiyiniz kimi, yayım firmaları qəzetlərin satılan nüsxələrinin pulunu ödəməkdən imtina edir. Bir sıra məmurlar da Bakının mərkəzi hissələrində qəzet satışına imkan vermirlər. Bu da bizim dövriyyəmizdən 3 min nüsxə qəzetin çıxmasına, yəni qəzetin aylıq 15 min manat itirməsinə səbəb olub. Bu isə böhran vəziyyəti yaradıb. Çoxları bəlkə də buna inanmırdı. Ancaq biz qəzetin çapını dayandırmaq kimi radikal bir addım atdıq. Ardınca da abunə kampaniyası başlamışıq. Sabah saat 13-də elə “Yeni Müsavat”ın redaksiyasında kampaniyamız start götürəcək.
- Bəs geridə qalan illərdə şəxsi zəmində sizin üçün ən çətin dövr hansı olub?
- Təbii ki, 2 il həbsxanada olduğum müddət mənim üçün çətin dövr olub. Həmin dövrdə qəzetin fəaliyyətində bilavasitə iştirak edə bilməməyim xeyli çətinlik yaradıb. Ancaq o dövrdə qəzetə rəhbərlik edən dostlar “Yeni Müsavat”ın ömrünün uzadılması üçün xeyli əziyyət çəkdilər. İndi də asan deyil. Qəzetin çapını dayandırmaq mənim 24 illik karyeramda ilk dəfədir. Əksinə, hər zaman çalışırdılar ki, qəzet dayansın, mən dayandırmırdım. İndi isə qəzet normal çıxa bilər, amma mən aksiya olaraq bunu həyata keçirmişəm ki, cəmiyyət, dostlar və hər kəs anlasın ki, vəziyyətimiz çox ciddidir.
- Qəzetin çapını dayandırmaqda məqsəd ictimai rəyin diqqətini çəkmək idi, yoxsa doğrudan da qəzet buraxmaq artıq sərf etmir sizə?
- Yox, qəzet çapı bizə sərf edir, indi də qəzet çapından gəlir götürən müəssisəyik. Sadəcə, qəzeti çap edirik, amma Bakıda satmağa yerimiz yoxdur, yer vermirlər. Bakıda faktiki olaraq “Yeni Müsavat”ın satışı məhdudlaşdırılıb. Buna görə də qəzetin çapını etiraz aksiyası kimi dayandırmışıq. Bu aksiyanın da böyük faydaları oldu. Artıq bir sıra nəticələr də əldə etmişik. Məsələn, “Metro-Servis” yayım firması təxminən 1300 nüsxəmizin satışını dayandırmışdı. Ancaq abunə kampaniyasına başladığımız günlərdən bəri bu nüsxənin təxminən yarısı qədər abunə etdirmişik.
- Qəzetin çapını dayandırdığınız müddətdə məqsədinizə nail oldunuz?
- Qismən olmuşuq. Ancaq sabahdan “Yeni Müsavat” qəzetinin redaksiyasında abunə kampaniyası start götürür. Biz oxucularımızı, partiya rəhbərlərini, Mətbuat Şurasının rəhbərliyini, redaktorları, jurnalistləri və digər şəxsləri dəvət etmişik ki, gəlsinlər, qəzetə qatqılarını versinlər, bizim ayaqda qalmağımıza kömək etsinlər. Biz bunu istəmək haqqını özümüzdə görürük, çünki cəmiyyətdə yıxılan hər kəsə arxa olmuşuq. İqtidarlı-müxalifətli, deputatlardan tutmuş nazirlərə qədər başları bəlaya girən kimi yanlarında olduq. İndi də bizim dar günümüzdür və cəmiyyətdən yardım gözləyirik.
- Çap olunmadığınız günlərdə probleminizlə bağlı hansısa qurumlarla əlaqə saxlamısınız?
- Mən hər kəslə danışmağa çalışmışam, hər kəsə telefon açmışam. Bəziləri ilə danışa bilmişəm, bəziləri heç mənim telefonlarıma cavab verməyib. Metropolitenin rəisi Tağı Əhmədovdan tutmuş, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qədər telefon açmışam, Əli Həsənova, Ramil Usubova, Əflatun Amaşova zəng etmişəm. Azərbaycan Respublikasının prezidentinə qəzet vasitəsilə şəxsən müraciət etmişəm. Yəni qəzetin və burada işləyən 61 nəfərin iş yerinin xilası üçün mümkün olan bütün sivil addımları atmışam. Hesab edirəm ki, bu problemi də Azərbaycan məmurları və hakimiyyəti həll etməlidir. Onlardan da əslində cavab gözləyirəm və ümidimi itirmirəm. İstənilən halda cavab olacaq.
- Müraciətlərinizə dərhal reaksiya verən qurum və ya şəxs olubmu?
- Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən dərhal reaksiya verildi ki, bu məsələnin onlara dəxli yoxdur. Bir də Metropolitenin rəisi Tağı Əhmədov əvvəl telefonlarımıza çıxırdı, o da bildirdi ki, bu məsələnin ona aidiyyəti yoxdur. Ancaq mən belə görürəm ki, bu məsələnin hamıya dəxli var.
- Rauf bəy, probleminiz həll edilməsə, atacağınız növbəti addımlar nədən ibarət olacaq?
- Bu, bizim iş yerimizdir. Öz mövcudluğumuzu, varolma fəlsəfəmizi cəmiyyətə əks etdirdiyimiz bir fəaliyyət növüdür. Qəzetin fəaliyyəti bizim üçün qırmızı xətdir. Bunu davam etdirmək üçün bütün addımlara gedəcəyik. Biz küçə yürüşlərindən tutmuş aclıq aksiyalarına qədər bütün variantlara gedəcəyik.
- Gələcəkdə qəzetin çap versiyasının tirajını azaldaraq, internet versiyasının fəaliyyətini gücləndirmək fikriniz yoxdu?
- Yox, mən çap versiyanın itirilməsi variantı ilə heç cürə barışa bilmərəm. Qəzetimizin internet saytı da güclüdür və 24 saat işləyir. Onu daha da gücləndirmək fikrimiz var və bunu da edəcəyik. Hesab edirəm ki, “Yeni Müsavat” qəzeti və musavat.com saytları ayrı-ayrı yayım fəlsəfəsinə sahib olan qurumlardır. Musavat.com-la bağlı hazırda heç bir problem yoxdur. “Yeni Müsavat” qəzeti isə 24 illik tarixə sahib olan bir qəzetdir və məqsədimiz onu sonadək qorumaqdır.
- Rauf bəy, “Yeni Müsavat” qəzetinin özünü dolandıran və gəlir gətirən qurum olduğunu bildirdiniz. Bəs bu məsələ musavat.com saytıyla bağlı hansı səviyyədədir?
- Musavat.com saytı da özü-özünü dolandırır və çox da yüksək olmayan gəlir gətirməyi bacarır.