Qızıl Xaç Azərbaycanda həbsdə olan erməni kəşfiyyatçısına baş çəkib
07 sentyabr 2015 17:56 (UTC +04:00)

Qızıl Xaç Azərbaycanda həbsdə olan erməni kəşfiyyatçısına baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları dekabr ayında Ağdam rayonunda saxlanılan erməni hərbçiyə baş çəkiblər.

 

BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, görüş avqustun 31-də baş tutub.

 

Hərbi əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.  

 

İ. Hüseynovanın sözlərinə görə, BXQK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və həmin insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.

 

Qeyd edək ki, ötən il dekabrın 26-da axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç ələ keçirilib. Törətdiyi əməllərə görə A. Baqdasaryanın Azərbaycan Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci (Cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7-ci (İki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə), 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Baqdasaryan Arsen Eduardoviç cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 15 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 78
avatar

Oxşar yazılar