İntensiv yağan qar Neftçalada fəsadlar törədib.
Neftçala Fövqəladə Hallar Komissiyasından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, fevralın 21-22-si yağan güclü qar Neftçala rayonunda fəsadlar törədib. Rayon ərazisinə düşən qarın qalınlığı 70 santimetrə çatıb. Rayon mərkəzi daxil olmaqla bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Rayon ərazisində qarın ağırlığına tab gətirməyən talvarlar uçub, fərdi yaşayış evləri, bir sıra tikililərin dam örtüyü çöküb. Şəhər poliklinikası və məktəblər də qardan ziyan çəkib. Çoxillik ağaclar, o cümlədən qovaq ağacları kökündən qoparaq aşıb.
Hazırda rayonun daxili imkanları hesabına təbii fəlakətin fəsadları aradan qaldırılır.