"Sərnişindaşıma qaydalarını pozub avtobusu qapısı açıq şəkildə idarə edən sürücülərə qarşı sərt tədbirlər görüləcək”. Lent.az-ın məlumatına görə, bu sözləri movqe.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov söyləyib.
V. Əsədov avtobusu qapısı açıq idarə edən sürücülərin bəzən bəhanələr gətirdiyini, amma bu bəhanənin onları məsuliyyətdən azad etmədiyini bildirib: "Avtobus sürücüləri bəhanə edirlər ki, avtobusda sərnişin sıxlığı olduğundan qapısı açıq idarə etmək məcburiyyətində qalırlar. Amma nəzərə almalıdırlar ki, normadan artıq sərnişindaşıma da qanunla yolverilməzdir. Ona görə də, avtobusu istənilən səbəbdən qapısı açıq idarə edən sürücülər buna görə məsuliyyət daşıyırlar”.
Şöbə rəisinin sözlərinə görə, bu zaman hər hansı bədbəxt hadisə baş verərsə, məsuliyyət yenə də sürücünün üzərinə düşür: Ona görə də, sərnişindaşıma qaydalarını pozaraq avtobusu qapısı açıq şəkildə idarə edən sürücülərə qarşı sərt tədbirlər görüləcək”.