GÜNÜN ŞƏRHİ
OPEK-in Vyana sammitində razılaşma əldə olunma ehtimalı getdikcə azalır. Qurumun 12 daimi üzvündən artıq dördü razılaşmada iştirak etmək istəmir. İran, Liviya və Nigeriyadan sonra İraq hökuməti də razılaşmanın müddəalarının bu ölkəyə şamil edilməməsini istəyir. İraqın bəhanəsi daha sanballıdır, rəsmi Bağdad bildirir ki, İŞİD-lə mübarizə üçün ölkəyə daha çox pul lazımdır. Niyə bəhanə? Çünki İraq indiyə kimi də neft satışından külli miqdarda vəsait əldə edib, amma bu, İŞİD-in burnunun ovulmasına səbəb olmayıb. Rəsmi Bağdad təbii ki, əlavə neft dollarının İŞİD-lə mübarizəyə necə pozitiv təsir göstərəcəyini də açıqlamır. İraqı başa düşmək çətin deyil, çünki İŞİD-lə mübarizə bu gün Yaxın Şərqdə əsas spekulyasiya mövzusudur. İraq da bu məsələdən öz iqtisadi maraqlarını qorumaq üçün yararlanmaq istəyir. Beləliklə hasilatı azaltmaq qərarını dəstəkləyən ölkələrin sayı 8-ə enib. Amma bu, hələ də o demək deyil ki, Vyana sammitindən gözlənilən qərar çıxmayacaq. OPEK hasilatı azalda bilər, amma bu azalma Səudiyyə Ərəbistanının hesabına baş verəcək. Yəni, "asilər" yola gəlməsə, Səudiyyə hasilatı nəzərdə tutduğundan daha çox azaltmalı olacaq.