Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçinin bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumat yayıb. Lent.az-ın ARDNŞ-in saytına istinadən verdiyi məlumata görə, aprelin 4-də “Neftqaztikinti” trestinin 1 saylı Tikinti quraşdırma idarəsinin işçiləri Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 566 saylı estakadasının yanındakı meydançadan sualtı elektrik kabelini “Qaradağ-10” gəmisinin yedəyinə qoşulmuş kabel düzən kirjimin üzərinə yığaraq təmir etmək məqsədi ilə Sahil qəsəbəsindəki yanalma körpüsünə yaxınlaşan zaman, sahil bosmanı tərəfindən kirjim meydançaya bağlanmamış, pilləkən verilməmiş, təhlükəsizlik tələblərinə tam əməl olunmamış həmin idarənin daxiliyanma mühərriklərinin maşinisti, 1965-ci il təvəllüdlü Kazımov Mais Qasım oğlu kirjimin körpüyə tam yaxınlaşmasını gözləmədən meydançaya tullanarkən başı betona dəyib və kirjimlə yanalma meydançası arasında qalaraq xəsarət alıb. Mais Kazımov aldığı xəsarətdən dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olublar.
*****
10:22
Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Gəmiqayırma zavodunun ərazisində faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sahil qəsəbəsi ərazisində Xəzər Dəniz Neft Donanmasının gəmisində ARDNŞ-in Neft-Qaz Tikinti Trestinin 1 saylı Tikinti-Quraşdırma İdarəsinin maşinisti bədbəxt hadisə nəticəsində ölüb. Maşinist, 49 yaşlı Mais Kazımov gəminin kərəkəsindən dənizə yıxılıb. O, hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.