Müdafiə Nazirliyinin rəsmisi əsgər ölümü məsələsinə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APATV-nin “Manşet” verilişində çıxışı zamanı bildirib ki, ordunu cəmiyyətdən təcrid etmək olmaz: “Bir ilin içində vətənpərvər gənc yetişdirmək olmaz. Bəzən elə düşüncəyə malik gənclər orduya cəlb olunur ki, onlar adi bir sözün üstündə dava edirlər, qətl törədirlər”. E. Sabiroğlu qeyd edib ki, bu cür xoşagəlməz hadisələri törədən əsgərlər həm ailələrinə, həm də Müdafiə Nazirliyinə problem yaradırlar.
E. Sabiroğlu vurğulayıb ki, müharibə şəraiti olmayan ölkələrin ordularında bizdən artıq əsgər ölümü hallarına rast gəlinir: “20 ildir ki, torpağımız işğal altındadır. Bundan əlavə, elə təmas xətləri var ki, düşmənlə məsafə çox yaxındır. Bu da müəyyən psixoloji gərginlik yaradır. Ancaq Azərbaycan əsgəri qorxmazdır”-deyə, Müdafiə Nazirliyinin sözçüsü əlavə edib.