Bakıda köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Yasamal rayonu Əsəd Əhmədov küçəsi bina 32 mənzil 32 ünvanında uşağın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mənzilin qapısının təsadüfən kilidlənməsi nəticəsində 2005-ci il təvəllüdlü Qasımova Aydan Kənan qızı bağlı qapı arxasında köməksiz və kimsəsiz vəziyyətdə qalıb. Uşağın bağlı qapı arxasından xilas edilməsi üçün valideynləri 112 Xidmətinə müraciət edib.
Xilasedicilər 10 mərtəbəli yaşayış binasının xüsusi alət və avadanlıqlar vasitəsilə 10-cu mərtəbəsində yerləşən mənzilə giriş qapısını açaraq daxil olub.
Mənzilə baxış keçirərkən köməksiz vəziyyətdə aşkar olunan uşaq bağlı qapı arxasından xilas edilərək valideynlərinə təhvil verilib.