Bu barədə APA-ya AMEA Rəyasət Heyətinin akademik katibi Vaqif Fərzəliyev bildirib. Onun sözlərinə görə, hazırda M. Kərimovun nəşi dəfnə hazırlanmaq üçün Təzəpir məscidinə aparılıb.
M. Kərimovla vida mərasimi sabah saat 12.00-dan 15.00-dək AMEA-nın əsas binasında keçiriləcək. Akademik I Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, dünən günorta saatlarında M. Kərimovun vəziyyəti qəflətən pisləşib, onun ürəyində kəskin ağrılar başlayıb. Akademik dərhal Azərbaycandakı xəstəxanalardan birinə çatdırılsa da, onun təcili olaraq Türkiyəyə aparılmasına qərar verilib. Axşam saatlarında o, xüsusi təyyarə və həkimlərin müşayiəti ilə Türkiyəyə yola salınıb, lakin təyyarə havadaykən, M. Kərimov dünyasını dəyişib.
Qeyd edək ki, M. Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib.
Yarımkeçicilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib.