“Xəzər-Lənkəran”- “Neftçi” matçında baş verən insidentlə bağlı tutulan şəxslərin adları açıqlanıb.
Lənkəran Rayon Polis Şöbəsinin istintaq bölməsinin Polad Mehdiyevin APA-ya verdiyi məlumata görə, ötən gün “Xəzər-Lənkəran” - “Neftçi” oyunundan sonra baş verən insidentlə bağlı 7 nəfər - 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Aydın Əkbərov, 1994-cü il təvəllüdlü Qusar rayon sakini Elman Davud oğlu Tağıyev, 1975-ci il təvəllüdlü Abşeron rayon sakini Zaur Arif oğlu Ərəbov , 1991-ci il təvəllüdlü Lənkəran rayon sakini Rəfail Fərahim oğlu Əkbərov, 1962-ci il təvəllüdlü Lənkəran rayon sakini Əli Aslanov, 1962-ci il təvəllüdlü Astara rayon sakini Elçin Eldar oğlu Abdullayev, 1966-cı il təvəllüdlü Lənkəran rayon sakini Elman Bayraməli oğlu İbrahimli tutulub və barələrində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
P. Mehdiyev, həmçinin bildirib ki, insident zamanı saxlanılan zaman A. Əkbərov, Ə. Aslanov, E. Abdullayev, E. İbrahimli orta dərəcəli sərxoş halda olublar.
Qeyd edək ki, ötən gün Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında insident baş verib.
Lənkəran Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, insident oyun bitəndən sonra hər iki komandanın azarkeşləri arasında yaranıb.
Polis əməkdaşları ilə Daxili Qoşunların əsgərlərinin müdaxiləsi nəticəsində vəziyyət stabilləşib. İnsident zamanı polis əməkdaşları və Daxili Qoşunların bir neçə əsgəri yüngül xəsarət alıb. Polisdən həmçinin bildirilib ki, insidentdə stadiona xeyli ziyan dəyib. Baş verən hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.