İsmayıllı rayonu Basqal-Sulut yolunda baş vermiş sürüşmə ərazisinə alternativ yolun çəkilməsinə başlanılıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeni yol hissəsi 5 km-lik ərazini əhatə edəcək və sürüşmə zonasından kənar keçəcək.
İşlərin qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulub.
Məlumatda xatırladılıb ki, bu gün Basqal-Sulut yolunun 10-cu kilometrliyində qeydə alınmış sürüşmə nəticəsində yolun təqribən 100-150 metrlik hissəsi çöküb. Sürüşmə yolun keçdiyi dağ yamacında böyük bir ərazini əhatə edir.
Qeyd edək ki, uzunluğu 13 km, eni isə təqribən 4-5 metr olan Basqal-Sulut yolu çınqıl örtüklüdür.
***
İsmayıllı rayonu ərazisində, Basqal-Sulut avtomobil yolunda sürüşmə hadisəsi baş verib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.
Baş geoloq qeyd edib ki, atmosfer yağıntılarının təsirindən ərazidə uzunluğu 120-140 metr olan sürüşmə sahəsi yaranıb.
Ə. Piriyev onu da qeyd edib ki, Basqal-Sulut avtomobil yolundakı sürüşmə rayon ərazisində yeni sürüşmə sahəsidir.