Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü İbrahim Dadaşovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə İ.Dadaşov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Bakının Suraxanı rayonu Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, 8 ünvanının qarşısında baş verib. Həmin ünvanda 1985-ci il təvəllüdlü İsrafilov Elşən Şakir oğlu və onun qardaşı İsrafilov Elcan Şakir oğlu bıçaqlanıb. Xəsarət alan hər iki qardaş 3 saylı Sabunçu Şəhər Kliniki Xəstəxanaya çatdırılıb. Orada tibbi yardım göstərilsə də, Elşən İsrafilovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Cinayəti törədən 1991-ci il təvəllüdlü İbrahim Dadaşov Suraxanı Rayon Polis İdarəsinə gələrək təslim olub.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.