Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elmar Hacıyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə martın 10-da saat 14.30 radələrində Ələt-Astara magistralının Cəlilabadın Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
Cəlilabad şəhər sakini, 1965-ci il təvəllüdlü Nazim Əliağa oğlu Qurbanovun idarə etdiyi “Shevrolet” markalı, 15 BL 584 dövlət nömrə nişanlı avtomobil onun həmyerlisi, 1983-cü il təvəllüdlü Şahin Bəylər oğlu Quliyevin idarə etdiyi “Volvo” markalı, 10 YV 125 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Zərbənin təsirindən hər iki maşın yoldan çıxaraq qarşı tərəfdən gələn, Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1957-ci il təvəllüdlü Əbülfəz Əlihüseyn oğlu Əsədovun idarə etdiyi “VAZ-2107” markalı 44 KK 624 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.
Nəticədə Ə.Əsədov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Kəmalə Ağabala qızı Əsədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağır vəziyyətdə Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdiriliblər. Stansiyadan hər iki yaralının vəziyyətinin kafi olduğu bildirilib.
Faktla bağlı DİN-nin BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.