APA-nın Rusiya bürosunun məlumatına görə, İşevsk şəhəri Pervomaysk Rayon Məhkəməsi Udmurtiya Respublikasının Daxili İşlər Nazirliyinin ekspert-kriminalistika mərkəzinin rəis müavini Andrey Qluxovun cinayət işi üzrə yekun qərar çıxarıb. Həmin qərara əsasən 1967-ci il təvəllüdlü Qaflan İsmayılovu odlu silahla qətlə yetirən, 1976-cı il təvəllüdlü Ehtiram Qasımovu yaralayan polis polkovniki Andrey Qluxov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə istintaqı dövründə 1 il 6 ayı ev dustağı olduğundan Andrey Qoluxov 1 ay həbsdə qalacaq.
Məhkəmə Andrey Qluxovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin özünümüdafiə həddini aşma maddəsi ilə təqsirli bilib. İttiham tərəfi Cinayət Məcəlləsinin 105.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürüb, onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etsə də, məhkəmə həmin maddəni 108.1-ci (özünümüdafiə həddini aşma) maddəsinə tövsif edib.
Mərhum Qaflan Aslanovun ailəsi məhkəmənin qərarını ədalətsiz adlandırıb: "Bu manyaka 10 il versələr də azdı. Ədalətsizlikdir",-deyə Qaflan Aslanovun həyat yoldaşı bildirib. Zərərçəkmişin vəkili Stanislav Klyuyev də məhkəmənin qərarını ədalətsiz adlanıdırıb: "Nə zərərçəkmiş tərəf, nə də dövlət ittihamçısı bu hökmdən razı deyillər. Məhkəmədə Qluxovun cinayəti tamamilə sübut olunub. Lakin məhkəmə düzgün qərar çıxarmadı. Hökmdən apelyasiya şikayəti verəcəyik".
Qeyd edək ki, qətl hadisəsi 2013-cü il aprelin 13-də gecə saatlarında baş verib. 48 yaşlı Qluxov Andrey Leonidoviç qonşuluqda yaşayan azərbaycanlı, 1967-ci il təvəllüdlü Aslanov Qaflan Əbülfəz oğluna pnevmatik silahdan altı dəfə atəş açıb. Soydaşımız hadisə yerində keçinib, iki güllə yarası alan 1976-cı il təvəllüdlü Qasımov Ehtiram Əlibala oğlu isə ağır yaralanıb.
Hadisəyə səbəb Qaflan Aslanovun evindən gələn yüksək musiqi səsi olub. Həmin gecə Q. Aslanov 8 yaşlı qızının doğum gününü qeyd ediblər. Bu zaman evin qapısı döyülüb. Qapını döyən, bir mərtəbə yuxarıda yaşayan polkovnik Andrey Qluxov Qaflan Aslanovu təhqir etməyə başlayıb. Qafqazlıların onu bezdirdiyini söyləyən polkovnik səs-küyü dayandırmağı tələb edib. Q. Aslanov qonşusundan üzr istəyərək səs-küyün olmayacağını söyləyib. Yarım saat sonra Andrey Qluxov bir də qapını döyüb. Bu zaman qapını Qaflan Aslanovun həyat yoldaşı açıb. Əlində silah olan polkovnik qadını itələyib və səs-küyə gələn Qaflan Aslanova tapançadan altı dəfə atəş açıb. Soydaşımızın bədəninə dörd, ağzına bir güllə vuran polis polkovniki daha sonra onun öldüyünə əmin olmaq üçün başına bir güllə də vurub. Qaflan Aslanov hadisə yerində, 8 yaşlı qızının gözü qabağında keçinib. Polkovnik daha sonra Aslanovun qohumu olan Ehtiram Qasımova da atəş açıb. İki güllə yarası alan Ehtiram Qasımov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Rusiya hüquq-mühafizə orqanları hadisə barədə əvvəl başqa məlumat yayıb. Məlumata görə, nazirliyin kriminalistika ekspert mərkəzinin rəis müavini qonşuların qışqıraraq danışdığını eşidib və onlardan özlərini sakit aparmağı tələb edib. Mübahisə edənlər Azərbaycan vətəndaşları olub. Polis polkovnikinin hadisəyə müdaxiləsi mübahisə edənlərin ona hücumu ilə nəticələnib. Polis əməkdaşı bu zaman silaha əl atıb, atəş açaraq onları güllələyib. Bir nəfər həlak olub, digəri isə yaralanıb. Qətldən xeyli müddət keçməsinə baxmayaraq A. Qluxov vəzifəsindən kənarlaşdırılmayıb. O, müəyyən müddətə qədər cinayət məsuliyyətindən yayına bilib. Daha sonra isə məhkəmə onun barəsində ev dustaqlığı qərarı çıxarıb.