Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşından narkotik götürülüb. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, şəxsi yoxlama zamanı Kəmalə Məmmədovanın üzərindən 3 ədəd bükümdə, ümumi xalis çəkisi 17,99 qram olan narkotik vasitə - heroin aşkar olunub.
İlkin araşdırma zamanı K.Məmmədova izahatında bildirib ki, aşkar edilən narkotik maddə onunla eyni tarixdə İrandan Azərbaycana piyada gələn qaynı Elman Vəliyevə məxsusdur. Öz növbəsində, E.Vəliyev aşkar edilən heroinin həqiqətən də ona məxsus olduğunu, onu İran İslam Respublikasından əldə etdiyini və qardaşının həyat yoldaşı K.Məmmədovaya onu daxili orqanında gizlədərək gömrük sərhədini keçməsini məsləhət gördüyünü etiraf edib.
Faktla bağlı təhqiqat aparılır.