Dünən Masallı rayonunda ildırım vurması nəticəsində vəfat edən Mollaoba kənd sakini, 27 yaşlı Fərid Xəzər oğlu Həsənovla bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, bədbəxt hadisə ilə üzləşən gənc oğlan evli olub və 2 azyaşlı övladı qalıb.
Bildirilir ki, Fərid Həsnovun atası 11 ay əvvəl vəfat edib və bir neçə gün sonra il mərasimi olacaqmış. 5 gün əvvəl isə gənc oğlanın anası uzun sürən xəstəlikdən sonra vəfat edib. O, dünən qardaşı, əmisi və dayısı ilə birgə kənd məzarlığına anasının qəbrini ziyarət etməyə gedib. Bu zaman hava şəraiti daha da pisləşib və şimşək çaxmağa, yağış yağmağa başlayıb. Həmin ərəfədə Fəridə zəng gəlib və dərhal onu ildırım vurub. İldırım Fəridin əmisi Elsevəri də kənara atıb. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, Fəridi xilas etmək mümkün olmayıb.
******
31 may
Masallı rayonunda 27 yaşlı gənci ildırım vuraraq öldürüb. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə 4 gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.
Qəbiristanlıqda telefonla danışan F. Həsənovu ildırım vurub. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Yüngül xəsarətlər alan E. Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.