Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovun əvvəllər hazırda İran İslam Respublikası ərazisində yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib.
APA-nın hüquq mühafizə orqanlarından əldə edilən məlumata görə, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.
Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib. İstintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub.
Qeyd edilən şəxslər 14 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar
xxxxx
14:27
İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 10 iyul hadisələrinə görə ümumilikdə 22 nəfər həbs edilib.
Bir nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.
Eyni zamanda, məlumata görə, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib. Səkkiz nəfər barəsində isə axtarış elan olunub.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.