Bu gün saat 16:53-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən keçmiş taxıl anbarında mərminin tapılması barədə məlumat daxil olub. Bu barədə Lent.az-a ANAMA-dan bildirilib.
Verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısız), 40 ədəd 7.62 mm-lik və 15 ədəd 5.45 mm-lik patronlar aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların (PHS) ətrafında 50 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 27 fevral tarixlərində 45 siqnal (əməliyyat çağırışı) əsasında 37 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş, 899 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd tank əleyhinə minazərərsizləşdirilmiş, 36,815 kv.m ərazi yerüstü və 5,612 kv.m ərazi yeraltı yoxlanılıb.