Əli Həsənov “Daş yuxular”a münasibət bildirib
05 fevral 2013 17:04 (UTC +04:00)

Əli Həsənov “Daş yuxular”a münasibət bildirib

“Minlərlə azərbaycanlını qətlə yetirən, Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımını törədən erməni gəncini bəşəri hislərin müdafiəçisi kimi, öz millətinin nümayəndəsini isə cılız xislətli, qatil bir şəxs kimi təqdim etmək hansı əqidəyə sığar?”

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında çıxışı zamanı Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

 

Onun sözlərinə görə, Ə.Əylislinin əməlinə hər hansı şəkildə haqq qazandırmaq olmaz: “Belə insanlara Azərbaycan xalqı olaraq ictimai nifrətimizi bildirməliyik. Milli mənsubiyyəti olmayan bir şəxsin bəşəri hislərdən danışmağa haqqı yoxdur. Biz tolerant xalqıq. Əlbəttə, onu daş-qalaq etməməliyik. Çünki belələrini çox görmüşük. Orxan Pamuk bir cümləyə - " türklər “erməni soyqırımı”nı tanımalıdır" fikrinə görə öz millətinin qınağına çevrildi və tərki-vətən olundu. Səndən xalqın və millətin imtina edirsə, o mükafatı almağa dəyərmi? Bir insanın milli hissindən yüksək heç nə ola bilməz. Azərbaycana internet vasitəsilə meydan oxumaq istəyən neçə-neçə dırnaqarası jurnalistlər, yazıçılar, siyasətçilər, sizcə, Əkrəm Əylisliyə niyə belə münasibət sərgiləyirlər? Düşünürlər ki, bəlkə gələcəkdə hakimiyyətə gəlmək üçün bu fikirlərinə görə onlara kimsə kömək edəcək? Ayıb olsun belələrinə”.

 

Ə.Həsənov bildirib ki, qurultayda çıxış edən türkiyəli dostlarından biri Dağlıq Qarabağ məsələsi və Xocalı faciəsində törədilən qətliam haqqında təsirli və cəsarətli fikirlər söyləyib. Hətta onlardan biri ön cəbhədə Azərbaycan əsgəri ilə döyüşməyə hazır olduğunu açıqlayıb: “Ancaq bu gün xalq yazıçısı adını daşıyan bir adam bəşəri hislərin önündə getmək əvəzinə Azərbaycan xalqına şər atır. Minlərlə şəhidin ruhunu tapdalayır”.

 

Ə.Həsənov qeyd edib ki, bir insanın milli hissi yoxdursa, onda bəşəri hiss ola bilməz: “Bir şəxsdə vətəndaş məsuliyyəti kasaddırsa, onda bəşəri məşğuliyyətin olması mümkün deyil. Başqa bir xalqa yarınmaq, özünü bəşəri hislərin daşıyıcısı kimi göstərmək məqsədilə öz xalqına böhtan atmaq nə deməkdir? Bu gün həmin mənfur dövlətin mərkəzi şəhəri olan İrəvanda nə qədər türk, müsəlman yaşayıb. İrəvanın 90%-i azərbaycanlılar olub. Əsrin əvvəllərində bir fransız rəssamın çəkdiyi tabloya baxarkən orada çoxlu sayda məscidlərin olduğunu görmək olur. Bunların hamısı Azərbaycan məscidləri idi. Bu qədər məscidi olan bir şəhər nə zamandan orta əsr erməni torpağı ola bilərdi?”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1489
avatar

Oxşar yazılar