Daxili İşlər Nazirliyi son bir gün ərzində Azərbaycanda törədilmiş qətl hadisələri ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 27-də Xətai rayonu ərazisində Mingəçevir şəhər sakini Şirvani Əhmədov münaqişə zəminində külünglə Cəlilabad rayon sakini Samir Babayevə və 20-25 yaşlı Nicat adlı şəxsə xəsarətlər yetirib hadisə yerindən qaçıb. S.Babayev və Nicat xəstəxanaya yerləşdirilib. Nicat orada ölüb.
Xətai RPİ tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.
İyunun 26-da Ağcabədi rayonunda da qətl törədilib. Rayonun Qaravəlli kəndində kənd sakini İslam Əliyev qayınatası Heydərin evində olarkən baş vermiş ailə münaqişəsi zəminində bıçaqla baldızı Əfruz Əmiraslanovaya qol nahiyəsindən xəsarət yetirib. Hadisəyə müdaxilə etmiş Əfruzun qohumu Qabil Heydərov isə taxta parçası ilə İslamı vurub. İ.Əliyev aldığı xəsarətdən ölüb. Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Heydərov isə tutulub.
Oxşar hadisə iyunun 26-da Xəzər rayonu Şüvəlan qəsəbəsində də qeydə alınıb. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Valeh Bayramov qısqanclıq zəminində arvadı Gülnarəni və gəlini Sahiləni bıçaqla qətlə yetirib hadisə yerindən qaçıb. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Bayramov tutulub.
Hər bir fakt üzrə cinayət işi açılıb, araşdırmalar aparılır.