Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 3-də saat 17 radələrində Pirallahı rayonu Dübəndi qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Fuad Allahverdiyevin idarə etdiyi “Mercedes”, Bayramqulu Ağayevin idarə etdiyi “Volkswagen” və Elşad Ağayevin idarə etdiyi “QAZ-21” markalı avtomobillər toqquşub. F.Allahverdiyev hadisə yerində ölüb. Sərnişini, azyaşlı oğlu Yusif, habelə B.Ağayev və sərnişinləri Rasim Suleymanov, Əlvanə Məmmədova və onun azyaşlı qızı Aysu xəstəxanaya yerləşdirilib.
Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən F.Allahverdiyev DİN-in əməkdaşıdır.
*****
10:56
Bakı şəhərinin Pirallahı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, avqustun 3-ü saat 17 radələrində Dübəndi qəsəbəsində Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin əməkdaşı, polis polkovniki Allahverdiyev Fuad Ramiz oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə ağır qəzaya düşüb. F.Allahverdiyevin idarə etdiyi avtomobil Pirallahı sakini, 1951-ci il təvəllüdlü Bayramqulu Ağayevin sürdüyü "Wolsfagen Passat"a daha sonra isə 1956-cı il təvəllüdlü Elşad Ağayevin idarə etdiyi "QAZ 21"ə çırpılıb. Nəticədə F.Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Onun 3 yaşlı oğlu Yusif isə ağır vəziyyətdə Nevrocərrahiyə xəstəxanasına yerləşdirilib.
Bundan başqa ağır xəsarət alan B.Ağayev və iki sərnişini: 43 yaşlı Əlvan Məmmədov və 53 yaşlı Rasim Süleymanov 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.