Mayın 29-na keçən gecə, saat 23:45 radələrində Bakı bulvarında yerləşən restoranlardan birində dava-dalaş olub. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Neftçilər prospekti 137 ünvanında yerləşən “Bakı Gecələri” restoranında oranın baş inzibatçısı ilə müştəri arasında narazılıq yaranıb.
Bildirilir ki, baş inzibatçı, 1970-ci il təvəllüdlü Hüseynov Damət Ələkbər oğlu hesabdan narazı qalan müştəri, Vüqar Miriyevə yaxınlaşıb. Tərəflər mübahisə etməyə başlayıblar və az sonra mübahisə əlbəyaxa davaya keçib. Hər iki şəxs və onları ayırmaq istəyən bir neçə nəfər hadisə vaxtı xəsarət alıb.
Hadisə ilə bağlı polisə müraciət daxil olub və araşdırmalara başlanılıb.