Bu gün Binəqədi Rayon İcra Hakimiyyətində yeni “Sakinlərin Müraciəti Xidməti”nin təqdimatı olub. Lent.az-ın məlumatına görə, təqdimat zamanı Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib ki, bu, Azərbaycan Prezidentinin ölkədə bu ilin “İKT İli” elan etməsi ilə əlaqədar müvafiq sərəncamı əsasında baş tutur.
1646 operativ telefon xidməti olan bu müraciət xidməti Azərbaycanda rayon icra hakimiyyətləri arasında ilk olaraq Binəqədidə istifadəyə verilir.
Xidmət həftənin bütün günü 24 saat ərzində əhaliyə xidmət göstərəcək. Yeni xidmətdə rayon əhalisi tərəfindən bütün məsələlər ətrafında müraciətlər, şikayətlər və təkliflər operativ olaraq qəbul olunacaq və yerindəcə həllinə nail olunacaq. Bura tikinti, torpaq və digər bütün kommunal sahələr ilə bağlı məsələlər daxildir. X.İsgəndərov bildirib ki, yeni xidmət Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəyə yerli sakinləri də yaxından cəlb edəcək, onlarla İcra Hakimiyyətinin birbaşa ünsiyyətinə şərait yaradacaq.