Azərbaycanda 2014-cü il sentyabr ayında keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisinə hazırlıq işləri aparılır.
Bu barədə APA-ya sərginin təşkilat komitəsindən məlumat verilib.
Sentyabrın 17-dən 19-dək Bakı Expo Sərgi və Toplantı Mərkəzində keçiriləcək sərgi 4 əsas bölmədən ibarət olacaq.
Sərgidə Quru Qoşunlarına aid zirehli və zirehsiz texnika, komanda idarəetmə sistemləri, döyüş sursatları, fərdi mühafizə sistemləri, tank əleyhinə raket kompleksləri, simulyasiya və təlim sistemləri, hərbi təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları, raketlər və HHM (hava hücumundan müdafiə) sistemləri, aviasiya radioelektronikası və hərbi təlim sistemləri, dəniz qüvvələrinə və sahil mühafizəsinə aid üzmə vasitələri, dəniz silah sistemləri, naviqasiya və radiolokasiya sistemləri, fərdi xilasetmə sistemləri, liman sistemləri, həmçinin kəşfiyyat avadanlıqları, fövqəladə hallar üçün nəzərdə tutulmuş avadanlıq və texnologiyalar, xüsusi təyinatlı yük avtomobilləri, minik avtomobilləri, polis və təhlükəsizlik avadanlıqları, mina təmizləyən avadanlıqlar və s. nümayiş olunacaq.
Sərgi çərçivəsində bir sıra tədbirlərin təşkili planlaşdırılır.
ADEX sərgisi Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən rəsmən dəstəklənir.
Sərginin təşkilatçısı qismində «İteca Caspian» şirkəti çıxış edir.