Bakının Nizami rayonu ərazisində inanılmaz hadisə baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bəhruz Nuriyev küçəsi, bina 16 a, mənzil 97 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Şirinov Tahir Abdulla oğlu həmin ünvanda 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən spirtli içkinin təsiri altında yıxılib.
O, əvvəlcə hündürlüyü təxminən 24 metr, binadan məsafəsi 5 metr aralı olan ağacın üstünə düşüb, daha sonra isə ağacın budaqlarına sürtülərək 10 metr aşağı sürüşub və yerdən təxminən 13 metr hündürlükdə ağacın 2 iri budağı arasında ilişərək qalib.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri köməksiz vəziyyətdə olan zərərçəkmişə yaxınlaşıb, onunla ünsiyyətdə olaraq ilkin tibbi yardıma ehtiyacını ödəyiblər. FHN əməkdaşları təhlükəsizlik jiletini zərərçəkmişə bağlayaraq yerə endiriblər və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin ediblər.