Noyabrın 18-də Bakıda baş vermiş yol qəzalarından ikisi sərnişin avtobuslarının iştirakı il törədilib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon, Bakıxanov qəsəbəsində 57 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu piyadanı vuraraq öldürüb. Qəza Gəncə prospekti 12 ünvanının qarşısında baş verib. Quliyev Mövlaqulu Baladayı oğlu idarə etdiyi “İsuzu” markalı sərnişin avtobusu ilə piyada, 1947-ci il təvəllüdlü Musayeva Qəndab Naib qızını vurub. 66 yaşlı qadın 3 saylı şəhər xəstəxanasında ölüb.
Oxşar hadisə Xəzər rayonunda da qeydə alınıb. Binə qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Hacıyev Asim Nazim oğlu idarə etdiyi “Mercedes” markalı avtobusla piyada 1938-ci il təvəllüdlü Mustafayev İrşad Muxtar oğlunu vurub. 75 yaşlı kişi xəstəxanada ölüb.
Araşdırmalar zamanı sürücü, 25 yaşlı A.Hacıyevin avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üzə çıxıb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Qeyd edək ki, on günlər Bakıda sərnişin avtobuslarının iştirakı ilə törədilən ağır qəzaların sayı xeyli artıb.