Fevralın 10-da Bakı şəhərinin Səbail rayonu ərazisində Əfqanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin xidməti avtomobili oğurlanıb. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, səfirin Badamdar qəsəbəsi, 1-ci yaşayış massivindəki evinin qarşısından “Mercedes E-300” markalı avtomobili qaçırılıb. Hadisə ilə bağlı polisə məlumat daxil olandan az sonra avtomobil elə Badamdar qəsəbəsində maneəyə vurulmuş halda aşkarlanıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, səfirin xidməti avtomobilini onun yaşadığı evin mühafizəçisi, 10.2.1973-cü il tarixində Ucar rayonunun Qazıqumlaq kəndində anada olmuş Şirəliyev İmran Məhəmmədiyə oğlu qaçırıb. Məlumata görə, İ.Şirəliyev bazar günü özünün 40 illik yubileyini qeyd edib və yaxşıca yeyib-içib. Bundan sonra o, mühafizəçisi olduğu Əfqanıstan səfirinin yaşadığı evin qarşısında səfirin xidməti avtomobilini götürüb şəhərə “gəzintiyə çıxmaq” qərarına gəlib. Lakin o çox keçmədən avtomobillə birlikdə qəzaya düşüb.
Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.