Minval.az saytının redaksiyasına vətəndaşla yol polisi arasında davanın əks olunduğu video daxil olub. Lent.az-ın adıgedən sayta istinadən verdiyi xəbərə görə, hadisə bir neçə gün əvvəl Bakının mərkəzində, Kukla teatrının qarşısında baş verib.
Videodan görünür ki, taksiyə əyləşən yol polisi əməkdaşı maşını cərimə meydançasına aparmaq istəyir. Avtomobilə yaxınlaşan bir neçə gənc yol polisini yola gətirmək istəyir. Lakin polis əməkdaşı buna əhəmiyyət vermir. Gənclərdən biri polis əməkdaşına bir neçə zərbə endirir. Özünü itirən polis əməkdaşı onların ardınca qaçır və birini saxlayır. Lakin o da polislə əlbəyaxa olur və qaçır.
Polis əməkdaşı onun kəmərindən yapışır və ratsiya ilə kiməsə məlumat verir. Polis əməkdaşının əlinə keçən gənc hadisənin törədənin o olmadığını bildirir. O, kəmərini açır və qaçmağa başlayır. Kəmər isə polis əməkdaşının əlində qalır. Ətrafa toplaşanlar isə oğlana "Qaç, qaqaş, qaç" deməklə dəstək verirlər.