Mayın 4-də saat 21:35-də 112 xidmətindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə Binəqədi rayonu Azdlıq prospekti 168 ünvanında yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Lent.az-ın məlumatına görə, vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Nərimanov rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıb. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, bina üçün qazılan özüldə torpaq-qazma işləri görərkən iki "Shacman" markalı avtomobil toqquşub və avtomobillər deformasiyaya uğrayıb. Qəza nəticəsində 90-JR-378 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 1951-ci il təvəllüdlü Ayvaz Hacıyevin ayaqları sıxılmış vəziyyətdə qalıb və çıxmaq iqtidarında olmayıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqlar vasitəsilə sürücünü çıxardıb, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin ediblər.