Fevralın 7-də Bakı Dövlət Sosial İqtisadi Kollecində antikorrupsiya əməliyyatı keçirilib. Musavat.com saytının bu gün yaydığı xəbərə görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bu gün saat 15 radələrində kollecə gələrək, bütün çıxışları bağlayıb, müəllim və tələbə heyətinə kollecin binasını tərk etməyə imkan verməyiblər. Onlar kollecin direktoru Mübariz Mahmudovun otağındakı bütün əşyaları, bilgisayarları, hətta dəmir seyfi belə möhürləyərək, axtarışlara başlayıblar.
Məlumatda qeyd olunub ki, bir neçə saatlıq axtarışlardan sonra tələbələri üstlərini yoxlayaraq buraxan əməliyyatçılar saat 20.15 radələrində kolleci tərk ediblər. Hələlik bu əməliyyat barədə heç bir rəsmi məlumat yayılmayıb.
Saat 20.20 radələrində saytın əməkdaşı kollecdə olub. Kollecdə olan bir neçə nəfər “Burada heç bir əməliyyat keçirilməyib... Biz heç nə bilmirik...” deməklə kifayətləniblər.
Məlumata görə, eyni əməliyyat kollecin rəhbərliyinə daxil olan şəxslərin evlərində də keçirilib. Kollecin direktoru Mübariz Mahmudov və onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov saxlanılaraq, prokurorluğa aparılıb.
Məlumatlara görə, sonuncu iki nəfərin üzərindən rüşvət verildiyi iddia olunan pullar çıxıb.