Bakıda törədilmiş quldurluq cinayəti ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bir qrup şəxs tərəfindən hədələnən, özünün və ailəsinin öldürülməməsi qarşılığında 200 min manat tələb edilən Mirzəyev Mirzə Rəşid oğlu Maliyyə Nazirliyi 5 saylı Xəzinədarlıq İdarəsinin rəisidir. O, daha əvvəl Xəzər və Xətai rayonlarında maliyyə idarələrinə rəhbərlik edib.
Bildirilir ki, M.Mirzəyev ona edilən təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra əməliyyat tədbirləri həyata keçirilib və yüksək vəzifəli şəxsi və ailə üzvlərini öldürməklə hədələyən şəxslər müəyyən edilərək saxlanılıb.
Hazırda başlanmış cinayət işi üzrə zəruri əməliyyat, istintaq tədbirləri davam etdirilir.
25.01.2014 / 13:00
*****
Bakıda quldurluqla məşğul olan şəxslər yaxalanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Əjdər Talıbov və İsmət Məmmədov həmyerliləri Mirzə Mirzəyevi və onun ailə üzvlərini öldürəcəkləri ilə hədələyib 200.000 manat pul tələb ediblər. Hər iki şəxs aparılmış əməliyyat tədbirləri nəticəsində tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.