Bakıda xuliqanlıq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, İran vətəndaşı, 1990-cı il təvəllüdlü Hüseyni Heyrəbadi Məhəmməd oğlu 39-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, dünən saat 06 radələrində Xəqani küçəsi 14 ünvanının qarşısında xuliqanlıq zəminində döyülüb. Şikayətçi ona hücum edən şəxsin adının Orxan olduğunu əlavə edib.
İlkin araşdırmalardan sonra məlum olub ki, H.Hüseynini döyən şəxs Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Kazımov Orxan Yusif oğludur.
O da məlum olub ki, zorakılıqla üzləşmiş şəxs aktyordur. O, Bakıda çəkilən filmlərdən birində bəzi səhnələrdə kaskadyorluq edir və şəhərin mərkəzində yerləşən otellərdən birində qalır.
Müraciət əsasında araşdırmalar davam etdirilir.
Səbail Rayon Polis İdarəsindən hadisənin baş verməsini təsdiqləyiblər.