AZTV sədrinin işində təqsirləndirilən: "Birinci səni asacağam, sonra özümü"
01 iyun 2018 14:08 (UTC +04:00)

AZTV sədrinin işində təqsirləndirilən: "Birinci səni asacağam, sonra özümü"

AZTV sədri Arif Alışanov və onun  ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinovun, Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin   sədrliyi ilə keçirilən  prosesdə məlum olub ki, təqsirləndirilən Şücaət Əkbərovun anası rəhmətə gedib.

 

Daha sonra təqsirləndirilən Zöhrab Şirinovun vəkili vəsatət verərək hakimlər kollegiyasına etiraz edib. Lakin məhkəmə vəsatətin əsassız olduğunu bildirib.

 

Daha sonra Şücaət Əkbərovun vəkili hadisə olan yerə yenidən baxış keçirilməsi ilə vəsatət verib. Hakimlər bu vəsatəti də təmin etməyib. Prosesdə təqsirləndirilən Aqşin Hüseynov ifadə verib.

O digər təqsirləndirilən şəxslərin onu təhqir etdiyini bildirib: "Bunun heç nəyi olmayıb, nə olubsa Arif müəllimin olub".

 

Bu sözdən sonra Şücaət Əkbərovla Aqşin Hüseynov arasında mübahisə yaranıb. Şücaət Əkbərov Aqşin Hüseynova bildirib ki, o çox yaşamayacaq: "Sən özünü asacaqsan".

 

Aqşin Hüseynov isə onu təhdid edib: "Birinci səni  asacağam, sonra özümü asıb öldürəcəm". Hakim hər iki tərəfə xəbərdarlıq edib və iltizama dəvət edib. Aqşin Hüseynovun vəkili Nüşabə Ağayeva vəsatət verərək bildirib ki, müvəkkilinin Şücaət Əkbərov tərəfindən təhqir edilməsi protokola qeyd edilsin.

 

Prosesdə Şücaət Əkbərovun qızı Cəmilə Ağayeva dindirilib. O bildirib ki, Alışanovla ailəvi dost olublar: "Burdakılardan Aqşin həyətimizdə işləyib. Su daşıyıb, daş daşıyıb. Bu işə gəlincə isə, bunların hamısı uydurmadır. Atama qarşı haqsızlıq ediblər. Arif müəllim bizə tez-tez gəlirdi. Özüm də AZtv-də işləmişəm.  Daha əvvəl Binəqədi rayonu İcra Hakimiyyətində çalışmışam. İstintaqda  ifadə verəndə oxumamış qol çəkmişəm. İttihamla razı deyiləm. Axı Xırdalandakı evi atam almayıb, babamdan pay qalıb. "Prodo" markalı maşını da atam mənə almayıb, həyət yoldaşımla birgə almışam".

 

Şahid valideynlərinin boşandığını, atasının ürəyindən əməliyyat olunduğunu bildirib: "Atamın imkanları həmişə olub. Atamın açıq ürək əməliyyatının pulunu Arif Alışanov ödəyib. Əvvəlki pulu özümüz vermişik".

 

Zərərçəkmiş Dəyanət Cəfərov şahid Cəmilə Ağayevaya sual verib. O deyib ki, Ş. Əkbərov həbs olunanda C.Ağayeva AZTV-yə məktub yazaraq atasının bağışlanmasını istəyib. O, şahiddən əgər atasının günahı yox idisə, nə üçün bağışlanmağını istəməsinin səbəbini soruşub.

 

C. Ağayeva isə atası həbs olunan vaxt hadisədən xəbərsiz olduğunu, nə baş verdiyini anlamadığını bildirib.

 

 

İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Baki şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək mütəşəkkil dəstə yaradıb, qanunsuz olaraq silah, döyüş sursat əldə edib, sifarişlə iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd edib.  O, A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.

S.Əkbərov yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab  Şirinov ilə A.Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib. Bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul verəcəyini vəd edib.

2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi A.Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməsini sifariş verib.

Lakin sonradan dəstə üzvü M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib.

Ş.Əkbərov 2016-cı ilin dekabr aylarında A.Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Q.Cəbiyevə yenidən tapşırıq verib. Q.Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Z.Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib. Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətdə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.

Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.

Lakin A.Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinovu xəbərdan etməyə imkan tapmayıb.

Plana əsasən, Q.Cəbiyev Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi VAZ 21214 “NİVA” markalı avtomaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.

S.Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Z.Şirinova verib. Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.

Lakin yenə planları baş tutmayıb. Ş.Əkbərov sürücüsü Aqşin Hüseynov və mütəşəkkil dəstənin üzvü Q.Cəbiyev vasitəsilə avtomat silahı Z.Şirinovdan geri alaraq, yenidən A.Alışanovla Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib. Həmin gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa apararkən odlu silahlardan atəşlər açmaqla qəsdən öldürmək barədə dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu təlimatlandırıb.

M.Namazov dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib. Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi,  A.Hüseynovu və Z.Şirinovu saxlayıb.

Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 345

Oxşar yazılar