Mayın 26-na keçən gecə Kürdəmir şəhərində törədilmiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, 25 yaşlı Şaiq İsrafilov rayonda tanınmış iş adamlarından olan Sahibə Hacıəliyevanı münaqişə zəminində qətlə yetirib. Bir müddət əvvəl rayon mərkəzində S.Hacıəliyevaya məxsus yanacaqdoldurma məntəqəsinin yaxınlığında başqa iş adamı yanacaqdoldurma məntəqəsi açıb. Bundan sonra S.Hacıəliyevanın obyektinin alveri xeyli azalıb. Bir neçə gün əvvəl isə S.Hacıəliyeva Ş.İsrafilovun atası Şahin İsrafilovun işlədiyi restorana gələrək onları müştərilərini başqa yanacaqdoldurma məntəqələrinə istiqamətləndirməkdə ittiham edib. Mübahisə münaqişəyə çevrilsə də, Ş.İsrafilov oğlu Şaiqi sakitləşdirib və 61 yaşlı qadının sözlərinə əhəmiyyət verməməyə çağırıb. Lakin Şaiq İsrafilovun hirsi soyumayıb və o, dünən iş adamının yaşadığı evə gələrək ona 22 bıçaq zərbəsi endirib. 25 yaşlı oğlanın biznesmen qadına küt alətlə də xəsarət yetirdiyi bildirilir.
*****
10:16
Kürdəmir rayonunda qətl törədilib. Lent.az-ın məlumatına görə, mayın 25-də gecə saatlarında rayonun Heydər Əliyev prospektindəki evin həyətində iş adamı, 1954-cü il təvəllüdlü Hacıəliyeva Sahibə Məhəmməd qızı 1990-cı il təvəllüdlü İsrafilov Şaiq Şahin oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisənin mübahisə zəminində törədildiyi bildirilir. Ş.İsrafilov saxlanılıb.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, qətlə yetirilən S.Hacıəliyeva Kürdəmirdə, eləcə də bölgədə tanınmış biznesmenlərdən olub. Hacı Sahibə adı ilə tanınan iş adamının şəxsi yanacaqdoldurma məntəqəsi, eləcə də xeyli digər obyektləri olub.