Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin müfəttişi İlqar RəhimzadəninAPA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə martın 25-də günorta saatlarında rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb.
Rayonun Şiyəkəran kənd sakini, 22 yaşlı Eyvaz Gülmirzə oğlu Dadaşov həmkəndlisindən götürdüyü “VAZ-2107” markalı, 07 BB 079 dövlət nömrə nişanlı avtomobili idarə edərkən onu yolun kənarındakı su kanalına aşırıb. Hadisə yerinə çağırılmış avtokranın köməyi ilə avtomobil və E. Dadaşovun avtomobilin içərisindəki cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin versiya kimi hadisənin avtomobilin yüksək sürətlə idarə olunması və Rusiyadan yenicə qayıtmış sürücünün səriştəsizliyi səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı Astara RPŞ-də araşdırmalara başlanıb.