Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yeriməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elvin Əzimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Elvin Əzimov valideyni öldürdüyü üçün özünü qismən təqsirli bilib. Bundan sonra E. Əzimovun vəkili məhkəmətd vəsatətlə çıxış edib. O, müdafiə etdiyi şəxsin psixoloji problemləri olduğundan, müayinəyə göndərilməsi üçün xahiş edib. Hakimlər kollegiyası yerində müşavirə edərək, vəsatətinin məhkəmə istintaqı başa çatdıqdan sonra baxılacağına qərar verib. Hakim Şəkər Məmmədova ifadə vermək üçün sözü təqsirləndirilən şəxsə verib. E. Əzimov həmin vaxt sərxoş olduğunu, heç nəyi normal xatırlamadığını bildirib.
“Birinci onu qeyd etmək istəyirəm ki, mənim işimə düzgün baxılmır. Mənə deyirlər ki, ananı xüsusi amansızlıqla öldürmüsən. Amma elə deyil. Saat 12-i biraz keçərdi. Evə gəldim, anam tək idi. Atam aşağıda, bacım qonşudaydı. Özüm də 12 ədəd tramodol və içki içmişdim. Sanki həyatda yoxuydum. Həmin hissələr yadımda deyil, onu bilirəm 3-4 bıçaq vurdum”.
Dövlət ittihamçısı və hakimlər kollegiyası təqsirləndirilən şəxsə suallar veriblər. Dövlət ittihamçısı Elvindən niyə hərbi xidmətə getmədiyini soruşdu. Təqsirləndirilən şəxs qolları doğram-doğram olduğundan hərbi xidmətə yararsız olduğunu vurğulayıb. “Mənim işimə düzgün baxın, bax, indi də yanımda “lezva” var. Sadəcə, sizə hörmətsizlik eləyib qollarımı burda doğramıram”.
Bundan sonra Ədliyyə Nazirliyinin əməkdaşları qəfəsə daxil olub təqsirləndirilən şəxsin yanında oturdular.
23 yaşlı Elvin Əzimov yenidən ifadə vermək üçün atasının məhkəmə zalından çıxarılmasını istəyib. Hakimlər bunu təmin edib. “Anamı bir neçə dəfə başqa kişilərlərlə telefonla danışanda görmüşəm. Bununla bağlı ona iradımı bildirdim. O, mənə öz həyatını yaşadığını və bundan heç kimə dəxli olmadığını dedi. Həmin gündən etibarən hər gün bu psixi maddələri qəbul etməyə başladım, içdim. Dərdim böyük idi, heç kimə də bu barədə məlumat vermədim”.
Hakimlər E. Əzimovdan hadisəni törədəndən sonra pəncərədən niyə tullanmasını soruşdular. O, özünə qəsd etmək niyyətinin olduğunu dedi.
Təqsirləndirilən şəxsdən sonra məhkəmə ifadə vermək üçün sözü E. Əzimovun atası, zərərçəkmiş Esmira Əzimovanın hüquqi nümayəndəsi Elçin Əzimova verdi. O, ifadəsində oğlunun uzun müddətdir ki, psixi problemlərdən əziyyət çəkdiyini bildirib. “Möhtərəm hakimlər, mən musiqiçiyəm. Şadlıq evlərində çalışıram. Hadisə günü də toydan çıxdım. Evin qabağında çayxana var, orda bir az başımın sakitləşməsi üçün oturdum. Elvini orda gördüm. Pul verib, dedim ki, get mənə kontur al, qalx evə, məndə birazdan gəlirəm. Üstündən 5-10 dəqiqə keçmiş, yoldaşıma zəng eləyib, evə nə alacağımı və eləcə də Elvinin evə gəlib-gəlmədiyini soruşdum. O, Elvinin indi evə girdiyini dedi. Telefon zəngindən bir müddət sonra evə getdim. Qapını döydüm, amma açan olmadı. İçəridən də heç bir səs gəlmirdi. Qonşular da mənim qapını döyməyimdən çölə çıxdılar. Qapını çəkiclə açdıq ki, yoldaşım yerdədi. Qan içindəydi. Otaqları gəzdim ki, Elvini tapam, amma evdə yoxuydu. Mən şikəst ayağımla təcili yardım maşının dalınca getdim. Yolda mənə zəng elədilər ki, Elvin özünü 3-cü mərtəbədən yerə atıb. Ayaqları sınıb. Təcili yardım maşını gəlib çatana kimi, yoldaşım artıq həyatda yoxuydu”.
İfadə vermək üçün söz E. Əzimovanın bacısı, mərhumun qızı Tamella Əzimovaya verilib. O, hadisə zamanı qonşuda olduğunu, səs-küyə evə gəldiyini bildirdi. “Gəldim ki, anam qan içində yerdə yatır. Nə olduğunu soruşdum, o, məndən su istədi, su içdi və dünyasını dəyişdi. O vaxt dəqiq xatırlamıram, dedilər ki, Elvin evin aynəbəndindən yerə tullanıb. Ayaqları qırılıb. Onda bildim ki, anamı qardaşım öldürüb”.
Məhkəmə prosesi fevralın 18-i davam etdiriləcək.
Qeyd edək ki, qətl ötən il Sabunçu rayonu Bakıxanov qəsəbəsi, E. Xəlilov küçəsi, 1 ünvanında baş verib. Orada yaşayan, 22 yaşlı Elvin Emin oğlu Əzimov anası, 1968-ci il təvəllüdlü Esmira Talış qızı Əzimovanı qətlə yetirib.
Elvin Əzimov qətli törətdikdən sonra binanın pəncərəsindən tullanaraq qaçmaq istəyib. Bu zaman onun hər iki ayağı sınıb.