Bura Afşardır. Ağcabədinin Afşar kəndi. Son bir ayda bu kəndin adı bir neçə səsli-küylü hadisəylə medianın diqqətini cəlb elədi. Sonuncu 17 yaşlı məktəblinin iki həmkəndlisini bıçaqlamasaydı. Ondan əvvəl isə başqa bir cavan oğlan elə öz qonşusunu güllələmişdi. 54 yaşlı Zahid Qarayev iki gün sonra Bakıdakı xəstəxanaların birində keçinmişdi.
Adi qətl idimi? Hə, mahiyyətinə görə bəlkə də. Amma polis sonradan baş verəcəkləri göz önünə alıb hərəkətə keçmişdi axı? Kəndə polis yeridilmişdi. Bəs nəyə görə? Adi bir qətlə görəmi? Elə söhbət də bundan gedir. Söhbət həm də ondan gedir ki, Afşar Azərbaycanda necə deyərlər klassik ənənələrə bağlı və həm də qapalı kənd kimi tanınır. Burda qan düşmənçiliyinin vüsət alacağı ehtimalından polisin də məlumatı vardı və narahatlığa ciddi əsasın olduğu da təbii idi. Elə biz kənddə olanda da Ağcabədi polisinin hələ bir müddət Afşarda qalacağını eşitdik. Kənd ağsaqqallarının, bu yerlərdə nüfuzu olan seyid ocaqlarının dekabrın 30-da baş vermiş qətl hadisəsinin qan düşmənçiliyinə qədər gedib çıxmamasına müdaxilə edəcəyinə qədər.
Nə baş verib axı?
Əslində, nəinki Afşarda, ümumiyyətlə Azərbaycanın bütün bölgələrində baş verən sıradan bir olay: nişan qayıdıb.
6 ay öncə kənd sakini Vüsal Abdullayev haradasa qohumluğu da çatan bir qızla nişanlanır. (Müəyyən səbəblərə xanımın adı çəkilməyəcək-S.M) İlk baxışdan hər şey normaldır, nişan taxılıb, cehiz alınır, tərəflər toya hazırlaşırlar. Və birdən məlum olur ki… Ardını Vüsalın qardaşı İqbal danışır:
- Bir gün bizə xəbər çatdı ki, qız kiminləsə telefonla danışıb. Mən qızın atası Oruca zəng elədim ki, Oruc, qulağımıza belə bir şey çatıb. Az sonra aydınlaşdırdıq ki, bəli, telefon danışığı olub, amma bunu Vüsalın nişanlısı etməyib. Bundan sonra hər şey öz yoluna düşdü. Gördüm Oruc da bu söz-söhbətdən narahatdı, zəng elədim dedim ki, boş şeydi, o qız bizim gəlinimizdi. Belə söhbətlərə də fikir vermə. Hələ üstəlik, “Allah xoşbəxt eləsin” də dedim.
Qəfil zəng
Bu hadisədən bir müddət keçir. İş adamı olan İqbal həmin gün Bakıdaymış. Ona qəfil zəng edirlər ki, bəs Orucun bacısı nişan üzüyünü gətirib, bu izdivac pozulur. İqbal dərhal Afşara qayıdır. Oruc və qardaşlarına israrla deyir ki, onlar nişanın qayıtmasının əleyhinədirlər və toya hazırlaşırlar. Amma qarşı tərəf elə eyni israrla bildirir ki, bu münasibətlər baş tutmayacaq, nişan qayıdır, vəssalam.
- Mən Vüsalın nişan üzüyünü belə onlara vermədim ki, bəlkə münasibətlər düzələr. Amma onların təkidindən beş gün sonra biz də üzüyü qız evinə qaytardıq. Mən yenə “Allah xoşbəxt eləsin” dedim. Yadımdadı, qızın əmisi hələ onu da dedi ki, adımıza söz çıxartmısınız, bizi biabır etmisiz. Mən də dedim ki, qardaş, qəbulumuzdu. Qoyun gəlin köçsün. Söz-zad boş şeydi, unudulub gedəcək. Amma dedilər ki, yox, bundan sonra bu qız sizin ailəyə gəlin köçə bilməz. Bir sözlə, məsələ beləcə bitdi.
Amma məsələ bitmir.
Abdullayevlərlə bərabər qız evi də telefon söhbəti məsələsini araşdırır. Qızın atası Oruc Baxşəliyev deyir ki, nişanın qaytarılmasını o, özü istəyib.
- İqbalgil bizə özgə deyil. Əmiuşağı sayılırıq. Bu telefon söhbəti çıxandan sonra qardaşlarımla birgə həmin adamın yanına getdik. Quran gətirdik. Qurana əl basıldı, məlum oldu ki, yalandı. Amma buna baxmayaraq belə qərara gəldim ki, qızımın adına söz çıxıb. Nişanı qaytarmalıyıq. Bilirsiz niyə? Mən istəmirdim ki, qızım həmin evdə gözükölgəli, başı qapazlı gəlin olsun. Hər dəfə başına qalxsınlar ki, sən filan vaxt filan işi tutmusan.
Nişan qayıtdı, tərəflər necə deyərlər mehribanlıqla ayrıldılar. Bəs?
”Dekabrın 30-da Ağcabədi rayonunda silahlı insident baş verib. Avşar kəndində baş vermiş silahlı insident zamanı Zahid Qarayev adlı şəxs güllə yarası alıb.
Hadisənin təfərrüatlarına gəlincə, şəhid Milli Qəhrəman Namiq Abdullayevin qardaşı Vüsal Abdullayevi vurmaq istəyən kənd sakinləri Zaur və Anar Baxşəliyevlər onun yaşadığı evin həyətinə gəliblər. Elə bu zaman V. Abdullayevə atılan güllələr onun əmisi Zahid Qarayevə dəyib. Təcili M. A. Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutuna aparılan Zahid Qarayevin həyatını xilas etmək mümkün olmayıb”. Bu dekabrın 30-da media məkanında gedən xəbərdi.
Nə baş verdi axı, nişan qaytarılandan sonra qızın əmisi oğlu qəfil bu hərəkətə əl atdı?
İqbalın dediklərindən:
- Əslində ilk insident qətldən 3-4 saat əvvəl baş verib. Vüsalla digər qardaşım İntiqam maşınla gedəndə kəndin ortasında onların maşınını saxlayırlar. Maşını saxlayanlar isə Orucun qardaşı oğlu Anar, digər qohumları Zaur, Samir, Valeh, Tuncay və Emin olur. Zaur Vüsalı yumruqla vurur. O, huşunu itirir. Anar isə maşına güllə atır. Bir sözlə bunları qanlarına qəltan edirlər. İntiqam dərhal mənə zəng vurdu ki, haradasan, bizi öldürürlər. Xəbəri eşidən kimi onlara dedim sakit olun, evdən heç yerə çıxmayın. Polis var, gəlib araşdırar. Özüm də dərhal polisə zəng vurdum, “102”-yə. Baş verənləri də bir-bir danışdım.
Amma maraqlıdır ki, polisdən nəyə görəsə heç bir reaksiya gəlmir. Silahlı insident sanki qulaqardına vurulur. Üstündən 3 saat keçməmiş elə həmin hadisə baş verən yerin yaxınlığında qətl baş verir.
İqbalın dediyinə görə, günorta təxminən saat üçdə, Oruc Baxşəliyevin Yadigar adlı yeznəsi 17 nəfərlə anasının yaşadığı evə basqın edir. Onların arasında Orucun qardaşları və yaxın qohumları da olur.
- Səs-küylə içəri giriblər. Həyətə girən kimi Yadigar deyib ki, bunlardan biri ölməlidir. Bizim qonşular da tökülüb gəlib. Bir sözlə aləm qarışıb. Məhz Yadigarın təhrikindən sonra Anar əlindəki “Makarov” tapançasıyla atmağa başlayıb. Əmim təsadüfən orda olub. Qabağa çıxıb ki, nə edirsiz, biz qohumuq. Bu vaxt Anar ona tərəf atıb. (Köks ötürür) Vallah, nə bilim neçə güllə dəyib? Başımız qarışdı ki, təki Bakıya çatdıraq. O da xeyri olmadı.
İqbalın dediyinə görə, Anar 8 güllə atıb. Yəni bir darağı tam boşaldıb. Güllə izləri evin aynabəndində, pilləkənlərində hələ də durur. Bir də qırılmış, dağıdılmış məişət əşyaları. İqbal Allaha şükür edir ki, daha böyük faciədən qaça biliblər. Hə, bir məqama da toxunur. Deyir, atan təkcə Anar olmayıb. Başqa kimsə də tapançadan atırmış. Çünki əmisi Tohid də güllə yarası alıb. Amma rezin güllə.
- Qonşuların haray-həşirindən sonra dağılıb gedirlər. Polis həyətə çatanda onlar artıq dağılmışdılar. Onlar da heç nə olmamış, basqın-filan etməmiş kimi Anarı qabağa verirlər ki, cinayəti bu törədib. Elə təkcə həbs edilən də odur. Bəs digər basqınçılar? Anarı bu cinayətə təhrik edənlər? Onlar niyə cəzalandırılmır?
Oruc Baxşəliyev isə İqbaldan fərqli qarşı tərəfi ittiham edir. Onun dediyinə görə, əslində davaya səbəb Vüsal olub. Məhz o, maşını onun qardaşının və qardaşı oğlunun üstünə sürüb. İqbalın qardaşı İntiqam isə Anargili cəzalandıracağı ilə hədələyib.
- Nə olubsa, bundan sonra olub. Həmin vaxt mən Bakıdaydım. Birinci davanı zəng vurub dedilər, dərhal evdən çıxdım. Haradasa Hacıqabulda xəbər çatdı ki, Anar onların evində tapançadan atıb. İqbal deyir ki, basqın olub. Necə basqın idi ki, rəhmətlik Zahiddən başqa heç kimə heç nə olmayıb. Anar ruhi xəstədi. Ümumiyyətlə, qardaşım Zahirin, yəni Anarın atasının 4 uşağı var, Allah hamısını elə yaradıb. Qızları da, uşaqları da. Hamısı hər il müayinədən keçirlər. Deməyim odur ki, Anardan başqa orda heç kim olmayıb. O, dəlisovluğuna salıb, belə bir əməl törədib, indi də içəridədir. Tohid deyilən kişiyə isə heç nə olmayıb.
***
Biz Afşarda olanda Zahid Qarayevin yas mərasimi idi. İnsanlar gəlir, baş sağlığı verir. Allahdan səbr arzulayırdılar. Qarşı tərəfdən yasa gələn olmamışdı. Ümumiyyətlə, Orucun da dediyi kimi hadisədən sonra onların və qohumlarının evi daim polis nəzarətindədir. Yerli polis qan düşmənçiliyindən, qisasdan narahatdır.
İqbal isə bu arada şəhid qardaşı, Milli Qəhrəman Namiq Abdullayevdən danışır. Deyir, qardaşının ruhuna hörmətsizlik olub. Evlərinə soxulub özbaşınalıq ediblər. Dövlət, hə, məhz dövlət bu məsələni yerdə qoymamalıdır.
- İndi hansı zəmanədir ki, qan, qisas alaq. Mən dövlətə inanıram, onun orqanları günahkarları cəzalandırmalıdır. Təkcə Anarı yox, təhrikçiləri, basqın edənlərin hamısını.
İqbalın dediyinə görə, rayon prokurorluğunda istintaq ədalətli aparılmasa, bütün günahkarlar, basqınçılar cəzalandırılmasa, yuxarı instansiyalara üz tutacaq.
- Bizi istintaqa çağırırlar ki, izahat verin. Bir dəlini veriblər qabağa, digərləri hələ bayırdadır. Biz niyə izahat verək ki? Bəs 17 nəfər mənim qapıma soxulub, həyəti dağıdıb töküb, bir nəfəri öldürüblər, bu adamlar niyə məsuliyyətə cəlb olunmur? Mən baş prokuror Zakir Qaralova müraciət edirəm, bu işi şəxsən öz nəzarətinə götürsün.
***
Biz Afşardan çıxanda şər qarışırdı. Kənddə hələ də mülki geyimli polislər vardı. Amma nə vaxta qədər? Və...
Daha heç nə...
...Allah səbr versin!
Səbuhi Məmmədli, Bakı-Ağcabədi