"Soyqırım" cinayətinin beynəlxalq cinayət kimi inkişafı; 1915-ci il reallıqları
24 aprel 2015 10:08 (UTC +04:00)

"Soyqırım" cinayətinin beynəlxalq cinayət kimi inkişafı; 1915-ci il reallıqları

 

Orxan Hacıyev

Queen Mary, University of London, UK

Beynəlxalq Ümumi Hüquq magistri

     

Artıq uzun illərdi ki, erməni ideoloqları və onların tərəfdarları bütün dünya ictimaiyyətinə Osmanlı İmperiyasında dövlət səviyyəsində “iztirablı” erməni xalqına qarşı soyqırım cinayətinin törədildiyini isbat etmək arzusundadır. Sovet İttifaqının sükutundan qabaq sözügedən təbliğat yalnız Türkiyəyə qarşı yönəlmişdirsə, ittifaqın dağılmasından sonra bu soyqırımın törədilməsində azərbaycan türkləri daxil digər türk millətləridə dolayı yollarla günahlındırılmağa başladı. Bu yazıda məqsəd yüzillik hadisələrin tarixi faktlarını təhqiq etmək deyil, bu hadisələrin soyqırım kimi tanınması üçün erməni tərəfinin bəyanatlarına qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında hüquqi qiymət verməkdən ibarətdir. Bunun üçün 20-ci əsrin əvvəlində Osmanlı İmperiyasında baş vermiş hadisələrin bəzi təfsilatlarını araşdırmaq, həmçinin soyqırım cinayəti haqqında beynəlxalq məhkəmə işlərinin təcrübəsini araşdırmaq labüddür.

 

 

1915-ci il hadisələrinin tarixi zəminləri

 

20-ci əsrin əvvəlində Osmanlı İmperiyasının daxili vəziyyəti qeyri-sabit idi. Onun ərazisində türklərdən başqa ərəblər, yunanlar, asurililər, ermənilər və bu kimi digər xalqlar da yaşayırdı. Mərkəzi hakimiyyətin siyasətindən narazı olan həmin milli azlıqlar tərəfindən imperiyanın bütün ərazisi boyunca narazılıqlar ifadə olunurdu və üsyanlar qaldırılırdı. Osmanlı İmperiyası birinci dünya müharibəsinə daxil olandan az sonra bir neçə cəbhədə müharibə aparmağa məcbur edildi. Həmin cəbhələrdən biri Rusiya İmperiyası ilə Qafqaz regionu uğrunda ağır döyüşlərin getdiyi şərq cəbhəsi idi. 1914-cü ilin dekabr ayında türklər şərq cəbhəsində ən iri əməliyyat olan Sarıqamış əməliyyatını başladılar və 1915-ci ilin yanvar ayında Rus İmperiyasının silahlı qüvvələri tərəfindən məhvedici məğlubiyyətə uğradılar. Bu məğlubiyyətdən sonra türklər arxaya çəkildilər və türk-alman alyansı Cənubi Qafqaza, İrana və Fars körfəzinə çıxışa olan iddialarından məhrum edildi. Həmin regionların Atlanta ilə qeyri-bərabər mübarizə aparan türk-alman alyansı üçün böyük hərbi-strateji və iqtisadi əhəmiyyətə malik idi.

Rusiya İmperiyası ordusunun qələbəsinə döyüş zamanı rusların tərəfinə keçən erməni könüllülərinin xəyanəti imkan yaratmışdır. Ermənilarin digər hissəsi isə Şərqi Anadoluda döyüşlərdən sonra qayıdan türk ordusuna qarşı partizan müharibəsi aparırdı. Ermənilərin həmin hərəkətləri türklər arasında bütövlüklə erməni xəyanəti haqqında geniş təbliğata səbəb oldu. İstanbula gələn Ənvər paşa[1] «Tanin» qəzetinin sahibinə və Osmanlı parlamentinin vitse-spikerinə bildirdi ki, məğlubiyyət erməni xəyanətinin nəticəsində baş verdi və şərq vilayətlərindən ermənilərin köçürülməsinin zamanı çatıb. Deportasiyaların birinci fazası 1915-ci il aprel ayında ermənilərin Zeytundan və Dördyoldan çıxarılması ilə başlandı, 24 apreldə[2] erməni xəyanətinin əqidə rəhbəri olan İstanbulun erməni elitası deportasiya olundu. Van üsyanlarından sonra deportasiyaların əsas fazası başlandı və buna əsasən sərhəd rayonlardan bütün ermənilər köçürülməli idi. 1915-ci ilin may ayının 26-da Tələt-paşa[3] hərb zamanı hakimiyyətə qarşı çıxış edənlərlə mübarizə aparılması üçün «Deportasiya haqqında qanun» təqdim etdi və sözügedən qanun 30 may 1915-ci il tarixdə Məclis tərəfindən qəbul edilmişdir. Ermənilər əsasən Osmanlı İmperiyasının həmin vaxt ərazisi sayılan Mesopotamiya, Yaxın Şərq, Şimali Afrikaya sürgün edilirdilər. Həmin regionların seçimində əsas məqsəd erməniləri döyüş hərəkatları zonalarından uzaq saxlamaqdan ibarət idi. Sözsüzki, aparılan deportasiya prosesləri zamanı ermənilərin böyük kütlələri həlak olmuşdur. Müxtəlif mənbələrə əsasən qurbanların sayı 200 000 – 1 000 000 arasında hesablanır. Amma bəzi erməni mənbələrində isə ölənlərin sayı 2 milyon nəfərdən çox qeyd edilir! Lakin analoji itkilərə imperiyanın həm türk, həm də kürd dinc sakinləridə məruz qalmışdır. Bunu  Rusiyadan hərbi əsirlərin repatriasiya işləri üzrə Millətlər Liqasının ali komissarı, əfsanəvi qütb tədqiqatçısı, türklərə simpatiyada təqsirləndirilməsi mümkün olmayan, Frityov Nansen tanımışdı. O deyirdi: «1916-cı ilin yanvar ayında … şiddətli təlaşlar və qorxularda olan türklər soyuq qışda şərqə hərəkət edirdilər. Onların çoxu inanılmaz əzablar və itkilərdən dağ rayonların keçilməz yollarında həlak olurdular»[4].

 

Soyqırım cinayəti

 

Soyqırım Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının (RBCT) Kambanda işində «cinayətlərin cinayəti» kimi qiymətləndirilmişdir[5]. Əgər soyqırım cinayətinə xas olan cinayət tərkibi dövlətə xasdırsa, o zaman, digər beynəlxalq cinayətlərdə olduğu kimi, məsulliyətə yalnız fərdi şəxslər deyil, həmdə dövlət cəlb edilə bilər. Bosniyalıların Soyqırımı işində Bosniya, onların müsəlman əhalisini məhv etmək təşəbbüsündə bulunan Serbiyaya qarşı, 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş “Soyqırım cinayətinin qarşısını alınması və cəzalandırılması haqqında” (SCQACK) konvensiyanın müddəalarının pozulması barəsində Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) qarşısında iddia qaldırmışdılar. BƏM təsdiq etdi ki, həmin konvensiya dövlətin üzərinə yalnız soyqırımın qarşının alınması və cəzalandırması vəzifəsi deyil, həm də həmin cinayətin həyata keçirilməsindən “çəkinmə” öhdəliyini qoyur.[6] SCQACK 2-ci maddəsində müəyyən edilmiş soyqırım cinayətinin standart təyini keçmiş Yuqoslaviya və Ruanda üzrə Beynəlxalq Cinayət Tribunallarının əsasnaməsində, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunda eyni ilə qəbul edilib:

Soyqırım hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədi ilə törədilən aşağıdakı hərəkətlərdən biridir:

a. bu cür  qrup üzvlərinin öldürülməsi;

b. bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi;

c. qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması;

d. bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi;

e.  bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi.

 

Soyqırım cinayətinin inkişafı

 

Soyqırımın tərifi Holokosta (yəhudilərin faşistlər tərəfindən kütləvi məhv edilməsi) əks səda kimi yarandı, lakin «Soyqırım» termini polşa hüquqşünası Rafael Lemkin tərəfindən 1944-cü ildə ilk dəfə istifadə edilmişdir[7]. Nurenberq Tribunalında (NT) belə ittihamlar irəli sürülmüşdür: “onlar müxtəlif millətlərdən olan insanların, xüsusəndə yəhudilərin, polşalıların və qaraçıların qəsdən və sistematik soyqırımını törətdilər”[8].  Lakin burada soyqırım tərkibi yox idi, çünki həmin tribunalın yurisdiksiyasında soyqırım cinayət kimi göstərilməmişdir. Tribunalın təqsirləndirici aktlarında «soyqırım» sözü hüquqi termin kimi deyil, yalnız təsviri ifadə kimi istifadə edilmişdir. Kambandada RBCT-də deyilmişdir ki, tərkibi üzrə NT-da araşdırılmış cinayətlər soyqırım cinayətinə çox oxşar idilər, amma onlar soyqırım cinayət kimi tərif edilə bilməzdi, çünki həmin cinayət soyqırım kimi yalnız bir müddət sonra müəyyən edilmişdir![9]. Bütün istəyi ilə Ermənistan hökuməti türkləri hüquqi cəhətdən soyqırıma görə təqsirləndirə bilməz, çünki həmin zaman soyqırım beynəlxalq cinayət kimi hüquqi müstəvidə müəyyən edilməmişdir. Hətta hamı tərəfindən qəbul edilmiş yəhudilərin nasistlər tərəfindən məhv edilməsi yəhudilərin soyqırımı kimi deyil «Holokost» kimi qəbul edilmişdir. NT və onun varisləri tərəfindən araşdırılmış bütün cinayətlər «müharibə ilə bağlı» kimi müəyyən edilmişdir. Məhs bu məhdudiyyətə görə soyqırımı ayrıca beynəlxalq cinayət kimi tanımaq vacib idi. Bu boşluq BMT-nin Baş Assambleyasının 260-cı rezolyusiyası ilə 1946-cı ildə doldurulmuşdur. İki il sonra SCQACK qəbul edilmiş və 1951-ci ildə qüvvəyə minmişdir. Həmin ildə də BƏM bildirdi ki, həmin konvensiyanın müddəaları soyqırım barəsində beynəlxalq ənənəvi hüquq normalarını təyin edir[10]. Lakin həmin konvensiyanın 6-cı maddəsində səlahiyyətli beynəlxalq məhkəmələr tərəfindən soyqırım işlərinə baxılmağın mümkünlüyü barəsində şərt qeyd edilsədə, keçmiş Yuqoslaviya və Ruanda üzrə xüsusi tribunalların yaranmasına qədər belə bir hal müşahidə edilmədi. Soyqırım cinayətinin törədilməsində ilk ittiham RBCT tərəfindən 1998-i ildə Akayesu işində qeydə alınmışdır və iki ildən sonra Ruandanın keçmiş baş naziri D.Kambanda ömürlük həbs cəzasına məhkum edilmişdir.

 

 

Qorunan qruplar

 

Soyqırım bütün qrup insanların məhv edilməsi deyil, yalnız milli, irqi, etnik və dini qrupların məhv edilməsi deməkdir və bu siyahı qapalıdır[11]. Konvensiyanın razılaşdırılması zamanı həmin siyahıya sosial və siyasi qrupları da daxil etmək üçün bir neçə uğursuz təşəbbüslər də irəli sürülmüşdür. Həmin siyahının genişləndirilməsinə dair təşəbbüslərdən ən gözə çarpanı Akayesu işində RBCT tərəfindən irəli sürülmüşdür. SCQACK-nın protokol sənədlərinə düzgün şərh verməyərək, kollegiya sübut etmək istəyirdi ki, konvensiyanın tərtibatçılarının niyyəti istənilən daimi insan qruplarını «mühafizə etmək» idi[12]. Lakin SCQACK-nın 2-ci maddəsində olan siyahıın tam olmamasına dair heç bir sübut mövcüd deyildir. Əksinə bütün sübutlar təsdiq edir ki, tərtibatçılarının niyyəti bu siyahını qapalı etmək idi. 2003-2004-cü illərdə Sudanda silahlı münaqişənin tədqiqatı üçün BMT təhlükəsizlik şurasının tələbi ilə yaradılmış Darfur Komissiyası təsdiq etdi ki, konvensiyanın bu cür interpretasiyası (qapalı siyahı) beynəlxalq ənənəvi hüququnun bir hissəsi kimi tanınmışdır[13]. Və Krstiç işində keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı (YBCT) həmin o 4 qrupun konvensiya tərəfindən yeganə “müdafiə olunan” qruplar olması fikrini bir daha təstiq etmişdir.[14] Məşhur hakim A.Kasses iddia edir  ki, konvensiya yalnız insanların könülsüz şəkildə və adətən doğularkən aid olduqları qrupları nəzərdə tutur[15]. Beynəlxalq Cinayət Məhkəməsi (BCM) öz ilkin təcrübəsində konvensiyanın bu cür təfsir edilməsi qaydasını qəbul etmişdir.[16] Ermənilər, Osmanlı İmperiyasının ərazisində yaşayan milli azlıqlar kimi, heç bir şübhəsiz bu konvensiya tərəfindən nəzərdə tutulmuş «mühafizə olunan qrupu» təşkil etmişlər.

 

Milli, etnik, irqi və dini qruplar

 

Təəssüf ki bu qrupların hər birinin ümumi qəbul edilmiş hüquqi tərifi mövcud deyildir. RBCT Akayesu işində  hər qrupu ayrılıqda müəyyən etməyə cəhd etmişdir, lakin bir dildə danışan və eyni mədəniyyətə malik insan qrupunu etnik qrup kimi izah edərək[17], məhkəmə, Tutsinin  GCQACK tərəfindən «müdafiə olunan» qrupuna aid olduğunu müəyyən etməkdə çətinlik çəkmişdir[18]. Həmin şərhə əsasən Tutsini Rutudan ayırmaq çox böyük çətinlik törətmişdir. Krstiç işində YBCT tərəfindən başlanmış yanaşma daha praktikdir. YBCT fikrincə qəbul bu insan qruplarının siyahısı o şərtlə qətidir ki, bu 4 qrupun ayrıca və müxtəlif mənaları yoxdur və konvensiyanı tərtib edənlər bu yolla vahid fenomen – “milli azlıqlar”ı xarakterizə etmək niyyətində idilər. YBCT fikrincə bu qrupların elmi-obyektiv amillər əsasında bölüşdürülməsi cəhdi konvensiyanın niyyəti və məqsədlərinə uyğun olmayacaqdır.[19]

 

 

Maddi elementlər; qadağan əməllər (hərəkətlər)

 

        “Mühafizə olan qrupu” tam və ya qismən  məhv etmək məqsədilə hər bir törədilən hərəkətə görə şəxs soyqırım törətdiyinə görə təqsirləndirilə bilməz. Yalnız, SCQACK 2-ci maddəsində göstərilən hərəkətlərə görə  şəxs soyqırım törədilməsində ittiham edilə və görə ona qarşı cinayət işi açıla bilər:

Qətl : Maddənin bu yarımbəndində həll olunmalı bəzi interpretativ problemlər meydana çıxmışdır. Məsələ ondadır ki, konvensiyanın ingilis versiyasında daha neytral olan və həmçinin ehtiyasızlıqdan adam öldürmə hallarınıda özündə ehtiva edən “killing” (qətl) ifadəsi istifadə edilir. Konvensiyanın fransız versiyasında daha konkret “meutre” (qəsdən adam öldürmə) ifadəsi istifadə edilir. Kayişema işində RBCT bu məsələni, SCQACK müxtəlif variantlarında istifadə edilmiş bu iki ifadələr arasında heç bir fərqin olmamasını müəyyən etməklə  həll etmişdir[20]. 1915-ci ildə baş vermiş hadisələr zamanı “mühafizə edilən qrupun” məhv edilməsi niyyəti ilə qətllərin yerinə yetirilib yetirilməməsi ilə bağlı məsələ tarixçilər üçün hələ də mübahisəlidir.

Ağır bədən xasərətlərinin və əqli qabiliyyətə ciddi zərər yetirilməsi: Soyqırımin ölüm səbəbi kimi geniş anlayışına baxmayaraq bu konvensiyanın müəllifləri bu maddənin daxil edilməməsi qədər bu cinayətin anlayışında məhdud olmamışlar. İçmann işində Yerusalim Dairə Məhkəməsi təsdiq etmişdir ki, ciddi bədən zədələnmələri və psixiki pozulmalar “insanların əsarət altına salınması, ac qalması və insan kimi yaşama hüquqlarından məhrum edilməsi və tənəzzül etməsi ilə nəticələnən şəraitlərdə getto və həbs düşərgələrində saxlanması” yolu ilə yetirilə bilər[21]. Akayesu işində RBCT əlavə etmişdir ki,  seksual zorlama və zorakılıq da soyqırıma səbəb ola bilər[22]. BCM-nin cinayət tərkibi elementləri də (The ICC Elements of Crime) yuxarıda qeyd olunanları təsdiq edir[23]. Osmanlı İmperiyasının deportasiya siyasəti, nasistlər tərəfindən tikilmiş düşərgələr kimi, ölümə səbəb olan şəraitlərdə ermənilərin saxlanması məqsədi ilə həbs düşərgələrinin təşkil edilməsini nəzərdə tutmamışdır. Türklər imperiyanın digər ərazilərinə məcburi köçürülmə ilə bağlı aydın siyasəti həyata keçirirdilər. Bu fikir, belə həbs düşərgələrinin mərkəzi Anadolunun tənha çöllərində yaradılması mümkünlüyünə baxmayaraq, ermənilərin Mesopotamiya kimi digər regionlara köçürülməsi ilə təsdiq edilir. Milli azlığın məhv edilməsi məqsədini güdən və ağır şəraitdə müharibə aparan ölkə üçün sonuncu variant daha əlverişli olardı.

Tam və ya qismən fiziki məhvi nəzərdə tutan həyat şəraitlərinin yaradılması: BCM-nin cinayət tərkibi elementləri “həyat şəraitləri” ifadəsini  yemək, su, tibbi xidmət və ya sistematik  evdən qovulma kimi yaşayış üçün lazımi vasitələri daxil edən və bu siyahıyla məhdudlaşmayan insan həyatı üçün gərəkən şəraitlər kimi şərh edir.[24] Əhalinin məcburi köçürülməsi həmişə konvensiyanın bu bəndi əsasında qaldırılırdı: məcburi köçürülmə cinayət tərkibi əlamətləri daxil edirmi? Erməni məsələsində məhz bu bənd əsasən soyqırımı təşkil edən əməl kimi qaldırılır. Bosniyalıların soyqırımı işində həmçinin “etnik təmizləmə” kimi məlum olan bu məsələ qaldırılmış və bu işə cəlb olunmuş xüsusi hakim – Lauterpaxt (Judge Lauterpacht) – hesab etmişdir ki, məcburi köçürülmə soyqırım tərkibi əlamətləri daxil edir[25]. Lakin, nüfuzlu hüquqşünasların əksəriyyəti onun mövqeyinin tərəfdarı olmamışdır! Məsələn, İçmann işində belə bir qərar qəbul olunmuşdur ki, “etnik təmizləmə” soyqırım ilə bağlı olmaya da bilər. 1941-ci ilə qədər yəhudilərin təqib edilməsi ilə bağlı nasistlərin məqsədi onların Almaniyanı tərk etməsi olub, və daha sonra bu siyasət kütləvi məhv etməyə çevrilmişdir.[26] Brdanin işində YBCT müəyyən etmişdir ki, aydın, ardıcıl, uyğunlaşdırılmış “Bosniyalıların təmizlənməsi” cinayət strategiyası həyata keçirilmiş, lakin həmin təmizlənmənin Bosniyalıların bir millət kimi məhv edilməsi ilə bağlı niyyətlə həyata keçirilməsini təsdiq edən heç bir sübut olmamışdır![27] Bu məsələ Bosniyalıların soyqırımi işində BƏM tərəfindən aydın şəkildə ümumiləşdirilmişdir: “Nə ərazini etnik eyniliyə çevrilməsi ilə bağlı dövlət siyasətinin bir hissəsi kimi niyyət, nə həmin siyasətin həyata keçirilməsi üçün həmin dövlət tərəfindən keçirilən əməliyyatlar soyqırım kimi təsvir edilə bilməz: soyqırımın səciyyəvi xüsusiyyətlərini göstərən yeganə niyyət müəyyən qrupun tam və ya qismən məhv edilməsidir.”[28]

Beynəlxalq məhkəmələrin məhkəmə presedentlərindən aydın görünür ki, 1915-ci il hadisələri zamanı da müşahidə olunan məcburi köçürülmə siyasəti “qrupun” tam və ya qismən məhv edilməsi ilə bağlı xüsusi niyyətlə həyata keçirilmədiyi təqdirdə, soyqırım tərkibli elementlərinə malik olmur. Osmanlı hökumətinin niyyətinin məhv etmə deyil, yalnız köçürülmə olması isə 26 may 1915-ci il tarixli “Deportasiya haqqında qanunla” sübut edilir. Qanunun 1 maddəsinə uyğun olaraq “müharibə zamanı ordu korpusu, ordu və diviziya komandirlərinə qayda-qanunun saxlanması məqsədi ilə dövlət əmrlərinə və göstərişlərinə tabe olmayan şəxslərə qarşı mütləq və qəti surətdə silahlı qüvvə ilə cəzanın tətbiq  edilməsi tapşırılır və əmr edilir.” Həmin qanunun 2 maddəsinə müvafiq olaraq, hərbi komandanlığa “hərbi tələblərə uyğun olaraq kənd və şəhər əhalisinin fərdi və ya kollektiv sürətdə digər yerlərə göndərilməsi” üçün icazə verilirdi[29].  Hərbi əməliyyatlar zamanı milli azlıqların məcburi köçürülməsi siyasəti digər dövlətlər tərəfindən də geniş olaraq tətbiq edilmişdir. Məsələn, Böyük Vətən müharibəsi zamanı (1941-1945) Sovet İttifaqında Stalin və L.Beriyanın rəhbərliyi ilə, əsasən kollaborasionizmdə təqsirləndirilən kalmıkların, inquşların, çeçenlərin, qaraçaylıların, balkarların, Krım tatarlarının, noqayların, mesxeti türklərinin, ponti yunanlarının, bolqarların, Krım qaraçılarının, kürdlərin kütləvi surətdə deportasiyası həyata keçirilmişdir. Ümumilikdə Böyük Vətən Müharibəsi illərində 61 millətdən olan qrup və xalq köçürülməyə məruz qalmışdır[30]. Əlbəttə ki, bu deportasiya zamanı köçürülən əhalinin bir hissəsi həlak olmuşdur. Onlar erməni hadisələrində olduğu kimi, aktiv müqavimət göstərmiş olsaydılar isə, onları müharibə vaxtının tələblərinə müvafiq olaraq ən ağır cəza gözləyərdi. Lakin heç kim heç vaxt Stalini və sovet hökumətini milli azlıqlara qarşı soyqırım törətməkdə təqsirləndirməmişdir.

Belə qrup arasında uşaq doğumlarının qarşısının alınması üçün hesablanmış tədbirlər: maddəyə bu bəndin salınması nasistlər tərəfindən ikinci dünya müharibəsindən əvvəl və müharibə zamanı zorla dölsüzləşdirmə (axtalama) təcrübəsi səbəb olmuşdur. Belə tədbirlərə nümunə Akayesu işində cinsi mutilyasiya, axtalama, doğuşların zorla nəzarət altında saxlanması və nikahların qadağan olunması ola bilər.[31]

Uşaqların bir insan qrupundan digərinə zorla verilməsi: maddənin bu bəndi geniş hüquqi müzakirələrə səbəb olmamışdırr.[32] BCM Cinayətləri Tərkibi Elementləri uşaqları 18 yaşından aşağı şəxslər kimi müəyyən edir. Burada həmçinin «zor» terminin tək fiziki zorakılıq nəzərdə tutmadığı da müəyyən edilmişdir. Bu həmçinin, həmin şəxslərə və ya digər şəxsə qarşı hədə və ya mümkün qüvvə – zorakılıq, təzyiq, azadlıqdan məhrum etmə, psixoloji əsarət və ya hakimiyyətdən sui-istifadə - tətbiq edilməsini nəzərdə tutur.

 

Subyektiv tərəfin əlamətləri

 

Soyqırımın bu əlamətləri yuxarıda qeyd edilmiş qadağan olunmuş əməllərin həyata keçirilməsinin zəruri niyyətlərini, həm də soyqırımın xüsusi niyyətini daxil edir. Məhz bu xüsusi niyyət – «insan qrupunu özlüyündə tam və ya qismən məhv etmək» niyyəti  soyqırımı digər cinayətlərdən fərqləndirir[33]. Üç qarşılıqlı əlaqəli aspektləri nəzərdən keçirmək lazımdır:

 

«Məhv etmək»

Kambanda işində RBCT belə qənaətə gəldi ki, bu kontekstdə məhv etmə insan qrupunun fiziki və ya bioloji məhvini bildirir, baxmayaraq ki, onların məhvi bu qrup üzvlərinin ölümünə səbəb ola biləcək müxtəlif hərəkətlərdən irəli gələ bilər.[34]Sosial assimilyasiya və ya mədəni xüsusiyyətlərə hücum kimi digər qırğın formaları fiziki və ya bioloji məhvlə əlaqədar olmadıqda cinayət tərkibi əlamətləri daşımır. Ermənilərin onların mədəni dəyərlərinin məhv edilməsi barədə iddiaları, beynəlxalq tribunalların mühakimə üsulundan irəli gələrək soyqırım törədilməsi ittihamlarının səsləndirilməsinə hüquqi əsas vermir. Baxmayaraq ki, bəzi ölkələrin qanunvericiliyində bu maddədəki məhv anlayışı genişləndirilir[35], Krstiç işində YBCT bir dəfə də qeyd etmişdir ki, son illərin inkişafına baxmayaraq, beynəlxalq ənənəvi hüquq soyqırımı insan qrupunun tam və ya qismən yalnız fiziki və ya bioloji məhvi ilə nəticələnən hərəkətlərlə məhdudlaşdırır[36]. Bosniyalıların soyqırımi işində BƏM bu iddianı təsdiqləmişdir[37].

 

«Tam və ya qismən»

 

Niyyətin bu tərəfi əhəmiyyətli fikir ayrılığına səbəb olmuşdur. Fikir ayrılıqları soyqırım qadağaları ilə təmin olunmuş müdafiə həddi bu və ya digər qrupun nə dərəcədə ümumiləşdirilməsindən yetəri qədər ciddi asılı olmasından irəli gəlir.  Birinci mübahisəli  məsələ coğrafidir: insan qrupunun verilmiş coğrafi ərazidə və ya tam məhv edilməsi niyyətidir? Məsələn, Ruanda hadisələrində Qutuların niyyəti  Ruanda ərazisində yaşayan Tutsilərin məhvi idi, baxmayaraq ki, Tutsilər yetəri qədər kompakt şəkildə qonşu dövlətlərin də ərazisində yaşayırdılar. Aydındır ki, bu halda Ruanda Tutsiləri millət qrupu kimi Tutsilərin «bir hissəsini» təşkil edirdilər. Və ya Osmanlı İmperiyası ərazisində yaşayan erməniləri “məhv etmək” niyyətində olan türklər, baxmayaraq ki, ermənilər yetəri qədər kompakt şəkildə Cənubi Qafqaz və Rusiya İmperiyasının digər ərazilərində yaşayırdılar. Bosniyalıların soyqırım işinə müvafiq olaraq, müəyyən coğrafi ərazidə insan qrupunun məhv edilməsi niyyəti soyqırım tərkibi daşıya bilər[38]. Bu halda digər bir problem ortaya çıxır: həmin qrupun «bir hissəsi» nəyi bildirir? Kayişema işində RBCT müəyyən etmişdir ki, əgər qrupun məhv edilən hissəsi «əhəmiyyətli»dən aşağıdırsa qrupun o hissənin məhv edilməsi soyqırım təşkil etmir[39] və bunu BƏM Bosniyalıların soyqırımında təsdiqləmişdir:

 

həmin qrupun minimum olaraq əhəmiyyətli hissəsinin məhv edilməsi niyyəti güdülməlidir. Bunu soyqırım cinayətinin təbiəti tələb edir: belə ki, Konvensiyanın məqsədi ümumilikdə – qrupların qəsdən məhv edilməsinin qarşısının alınmasıdır, həmin qrupun bir hissəsi  elə əhəmiyyətli olmalıdır ki, ümumilikdə bütün qrupa təsir etmiş olsun.[40]

 

Məsələnin mahiyyətinə əsasən YBCT Krstiç işində həmçinin, qeyd etmişdir ki, həmin hissənin «əhəmiyyətli» olub-olmamasını müəyyən etmək üçün say göstəriciləri nəzərə alına bilər: “Kəmiyət göstəriciləri bu məsələnin həllində vacib və lazımi bənd olsa da, nəticə çıxarmaq üçün yeganə deyildir. Qurbanların sayı qəti sayılmaqla yanaşı, həmin insan qrupunun ümumi sayı nisbətində də hesablanmalıdır”[41]. Qurbanların  sayından əlavə ümumi qrup üçün əhəmiyyətli olması da nəticə çıxarmaq üçün vacib ola bilər. Əgər bu hissə «simvolik» və ya həmin insan qrupunun həyatda qalması üçün vacibdirsə, onda bu halda qrup «əhəmiyyətli» sayıla bilər[42]. Cinayətin bu aspekti çox mürəkkəbdir və erməni məsələsində demək olarki həll olunmazdır. Türk mənbələrində qeyd olunur ki, bu zaman Türkiyə ərazisində 1,5 milyon erməni yaşayırdı ki, onların da 200 000 həlak olmuşdur, ermənilər isə tamam başqa rəqəmlər göstərirlər. Buna görə də əhalinin «əhəmiyyətli» hissəsinin analizini aparmaq demək olar ki, mümkün deyildir.

 

«Niyyət»

 

Təcavüz kimi beynəlxalq cinayətlərdən fərqli olaraq soyqırım yalnız kütləvi qırğın törətməyə başçılıq edən və ya onu planlaşdıranlar tərəfindən törədilmir. Kayişema işində də deyildiyi kimi, sadə sıravilər də əsas müttəhim ola bilərlər, bir şərtlə  ki, onların buna yetəri niyyətləri olsun.[43] Akayesuda da həmçinin göstərilmişdir ki, soyqırım tələblərinə görə xüsusi niyyət, hər bir icraçı fərdin bu və ya digər qadağan olunmuş hərəkəti edərkən, onun rəhbərlik edən və ya sıravi əsgər olmağından asılı olmayaraq, insan qrupunu tam və ya qismən məhv etmək niyyəti olmalıdır[44]. Əsas məqsədi düşmən tərəfə qalib gəlməkdən ibarət olan hərbi toqquşma zamanı kütləvi qırğının soyqırım və ya müharibəni qazanmaq məqsədi ilə törədildiyini müəyyən etmək çox çətindir. YBCT-nın Krstiç işini və  Darfur komissiyasının məruzəsini təhlil edərək bu mürəkkəb məsələnin beynəlxalq arenada necə həll edildiyinin izahını əldə etmək olar. General Krstiç tərəfindən Srebrenitsanın (Bosniya müsəlmanları) əlində silah tuta bilən bütün kişi əhalisinin məhv edilməsini əmr edən  Krstiç işində  müdafiə tərəfi sübut etməyə çalışırdı ki,  qırğınların əsas məqsədi – qrupu özlüyündə məhv etmək deyil, hərbi təhlükəni aradan qaldırmaq idi. Lakin məhkəmin nəticəsinə görə, bu qırğınların nəticəsində Srebrenitsada Bosniya müsəlmanlarının soyqırımı baş vermişdir. Öz qərarını onlar onunla əsaslandırmışlar ki,

 

Bosniya serblərinin hərbi qüvvələri döyüş qabiliyyətli  kişi əhalinin məhv edilməsi haqqında qərar verərkən bilirdilər ki, qadınların, uşaqların və qocaların zor gücünə köçürülməsi ilə birgə bu, Srebrenitsada Bosniya müsəlmanlarının tam fiziki yox olmasına gətirəcəkdir… döyüş qabiliyyətli  kişi əhalinin məhv edərkən Bosniya serbləri, Srebrenitsada ümumilikdə  Bosniya müsəlmanları icmasını məhv etmiş və Srebrenitsada onların yenidən bərpa olmasının bütün  ehtimallarını istisna etmişlər[45].

 

Generalın özünə gəldikdə isə, apellyasiya kollegiyası belə qərara gəlir ki, onun öz niyyəti əhalinin məcburi qaydada köçürülməsindən ibarət idi. Serbiya hərbi qüvvələrinin digər üzvləri isə bu əmri yerinə yetirərkən öz soyqırım niyyətlərini həyata keçirmişdir. Bütün sübut və dəlillər onu göstərir ki, general Srebrenitsada baş verən azğınlıqlardan xəbərdar idi, lakin bunun qarşısını almaq üçün heç bir tədbir görməmişdir. Lakin kollegiyanın gəldiyi qərara əsasən şəxsin soyqırımda günahlandırılması üçün bu yetərli deyildir. Öz qərarlarını onunla əsaslandırmışlar ki, soyqırım bəşəriyyətə məlum olan ən ağır cinayətdir və onun ağırlığı vacib xüsusi niyyətdə əks olunmalıdır.[46]Ona görə də serb silahlı qüvvələrinin komandanı və Serbiya hökumətinin siyasətini həyata keçirən general  Krstiç belə niyyətə malik olmadığına görə soyqırım törətməyə görə məhkum olmamışdır. Müvafiq olaraq Serbiya hökuməti də buna görə məsuliyət daşımamışdır. Osmanlı imperiyasının siyasətini həyata keçirən məcburi köçürülmə və «deportasiya haqqında qanun»  qəbul edən Tələt paşa və Ənvər paşa həmçinin soyqırım niyyətində olmamışlar və general Krstiç kimi onlar da soyqırım törətməkdə təqsirləndirilə bilməzlər. Krstiç işində deyildiyi kimi bu tapşırığı yerinə yetirərkən icraçılar öz soyqırım niyyətlərini həyata keçirə bilərdilər. Lakin onların məcburi köçürülmə haqqında əmr vermiş, lakin belə niyyətə malik olmayan rəhbərləri, YBCT-nın presedentinə əsasən, soyqırım cinayəti törətməkdə günahlandırıla bilməzlər. Ona görə də, Osmanlı hökumətinin ünvanına ittihamlar  tamami ilə əsassızdır!

BMT-nin Darfur komissiyası öz məruzəsində bu istiqaməti dəstəkləmişdir. Komissiya belə nəticəyə gəlmişdir ki, bu hücumlar, qətllər və Darfurda bəzi tayfaların məcburi köçürülməsi Sudan hökumətinin soyqırım niyyətində olduqlarını sübut etmir. Darfur komissiyasının məruzəsindən bir parça:

 

Komissiya belə qərara gəlir ki,  Sudan hökuməti  soyqırım siyasəti yeritməmişdir. Ola bilsin ki, soyqırımın 2 elementi Sudan hökuməti tərəfindən  və onun nəzarəti altında olan silahlı qüvvələr tərəfindən insan hüquqlarını kobud surətdə pozan əməllərdən irəli gəlir. Bu 2 element aşağıdakılardır: birincisi, qəsdən adam öldürmə, və ya ciddi bədən xəsarətləri və ya əqli pozuntular yetirmə, və ya fiziki məhvə yönəldilmiş həyat şəraitinin yaradılması; ikincisi, subyektiv yanaşma əsasında, hüquq pozuntuları icraçıları tərəfindən təqib edilən «müdafiə olunan» qrupun mövcudluğu … lakin əsas element yoxdur, minimum  Sudan hökuməti və onun soyqırım niyyətlərinə aid  olan hissədə. Ümumilikdə desək, hücum, qətl və məcburi köçürülmə  siyasəti irqi, etnik, milli və dini  zəmində fərqli qrupun tam və ya qismən məhv edilməsi  niyyətinini sübut etmir. Ehtimal olunur ki, kəndlərə hücumları planlaşdıran və təşkil edənlər  silahlı üsyanın qarşısını almaq məqsədi ilə qurbanları evlərindən köçürmək məqsədi güdürmüşlər.[47]

 

Komissiya  müəyyən etmişdir ki,  Sudan hökumətinin niyyəti özlüyündə milli azlıqların məhvi deyil, Sudan silahlı qüvvələrinə qarşı silahlı müqavimət və hücumun qarşısını almaq idi. Sudan hökuməti soyqırım törətməkdə günahlandırılmadı. Bu qarar BMT yanında fəaliyyət göstərən Təhlükəsizlik Şurasnıın xüsusi komissiyası tərəfindən verilmişdir. Bu komissiyanın qərarı soyqırım haqqında işin həlli üçün vacib presedentdir. Osmanlı İmperiyası tərəfindən ermənilərin deportasiya siyasəti Sarıqamış əməliyyatından qayıdan türk əsgərlərinə hücumdan sonra başlamışdır. Deportasiyanın əsas fazası Van üsyanından sonra başlamışdır. Birinci Dünya Müharibəsində Rusiya İmperiyasının silahlı qüvvələrinin tərkibində iştirak edən (1917) Fyodor Yeliseyev öz xatirələrində yazır: «Vanda  aprel ayında üsyan baş verdi. Ermənilər türklərin kiçik qarnizonunu məğlub etmiş və şəhərdə hakimiyyəti ələ almışdır»[48].  Ermənilərin Osmanlı ordusunun arxa cəbhəsində üsyan faktını rus ordusunun  bu istiqamətdə irəliləməsindən ayrı baxmaq düzgün olmazdı. Buna ən yaxşı təsdiq – Rusiya İmperiyası hərbi qüvvələrinin Van istiqamətdə irəliləməsinə sinxron olaraq üsyanın baş verməsidir. Həmin dövr rus-erməni tandeminə dair faktlar elə həmin Yeliseyevin xatirələrində əksini tapıb: «aprel ayının ortalarında Vanda baş verən hadisələr haqqında məlumat aldıqdan sonra ordu komandanı 4-cü Qafqaz erməni korpusunu gücləndirir… Van şəhərinin tutulmasında əsas rolu general Nikolayevin Ararat dəstəsi oynadı…»[49] Rusiya ilə müharibə aparan Osmanlı imperiyasında rəhbərlik öz arxa cəbhəsində belə tandemin möhkənlənməsinə yol verə bilməzdi. Ermənilər Rusiya lehinə mövqe tutaraq onların Türkiyə ərazisində irəliləmələrinə yardım etdilər. Buna sübut kimi «Erməni carçısı» jurnalının baş redaktoru Karen Mikaelyanın cəsarətli fikridir: «ermənilər Rusiya ekspansivliyinin cənub istiqamətdə irəliləməsində vasitəçi olmuşdurlar … ermənilər sionistlərin onlara məsləhət gördükləri kimi, Osmanlı İmperiyasına münasibətdə loyallığını saxlamağın mümkünlüyünə baxmayaraq,  Rusiya lehinə mövqe tutmağa üstünlük verdilər»[50]. Hətta V. Çörçill öz «Dünya böhranı» kitabının 18 fəslində  bu aspekti özünə məxsus diplomatik yanaşma ilə əks etdirmişdir: «Türklər Türkiyənin şərq vilayətlərində yaşayan erməniləri Rusiya casusları və agentləri qismində fəaliyyət göstərməkdə, onların Türkiyə rabitə xətlərinə hücum etməkdə təqsirləndirirdilər. Bütün ehtimallarla, bu iddialar ədalətli idi»[51]. Yuxarıda qeyd olunmuş faktlar ermənilərin deportasiya olunmağa özləri tərəfindən təhrik edilməsinə dair tutarlı sübut rolunu oynayır. Darfurda olduğu kimi Osmanlı İmperiyasının erməniləri deportasiya etməsində əsas məqsəd türklərin əleyhinə erməni-rus tandeminin yaranmasının və türk silahlı qüvvələrinə silahlı əks hücumun  qarşısını almaq idi, soyqırım törətmək deyil.

 

Xəbərdar olmaq deyil NİYYƏT

 

        Xüsusi niyyət elementinin təfsiri bir sıra tənqidlərə məruz qalmışdır: sadə sıravi əsgər soyqırım məqsədi olmadan əmrləri yerinə yetirir.[52] Bu halda hakimlərin ciddi problemləri yarana bilər: sadə əsgərə xüsusi niyyət sübutunun yetərsizliyindən bəraət verməli və ya məcburən şübhəli faktlara əsaslanaraq onu məhkum etməli? Bu çətinliklər bəzi şərhçilərin xüsusi niyyətə alternativ termin  axtarışlarını davam etdirməyə səbəb olmuşdur. Əsasən, məşhur hüquqşünas Qrinavalt təklif etmişdir ki, əgər hər hansı bir təqsirləndirilən şəxs, hansısa vəziyyətdə soyqırım törətməkdə təqsirləndirilirsə, xüsusi niyyət tələbləri təmin edilmiş sayılır, əgər: kampaniyanın yeganə məqsədi və əsas nəticəsi insan qrupunun tam və ya qismən məhv edilməsini bildikdən sonra belə o, insan qrupunun məhv edilməsi kompaniyasını davam etdirirsə.[53] Bu, necə deyərlər, «biliklərə əsaslanmış» yanaşmadır.

Lakin bu yanaşma beynəlxalq cinayət tribunallarının təcrübəsində dəstəklənməmişdir. Krstiç işində YBCT qeyd etmişdir ki, hər icraçı ayrılıqda belə niyyətə malik olmalıdır[54] və konvensiya «məqsədlərə əsaslanmış» yanaşma tələb edir. İcraçıların hər birində xüsusi niyyət mövcudluğuna bu israr, soyqırımda təqsirləndirməyə görə beynəlxalq tribunalların   təcrübəsində standart tələb kimi qalmaqda davam edir. Bu yanaşma konvensiyanın cinayət niyyətlərinin ən ali dərəcəsinə məxsus şəxslərin soyqırımda təqsirləndirilməsi məqsədlərini daha ədalətli əks etdirir. Tələt paşa və Ənvər paşa öz əsgərlərinin hərəkətlərindən xəbərdar olsalar belə, xüsusi niyyətə malik olmadıqlarından soyqırım törətməkdə təqsirləndirilə bilməzlər.

 

Yekun

 

Hadisələrin ətraflı hüquqi analizindən, beynəlxalq məhkəmələrin presedentlərindən və qəbul edilmiş beynəlxalq hüquqi normalardan irəli gələrək belə qənaətə gəlmək olar ki, Osmanlı İmperiyasınının ərazisində 1915-ci il tarixdə baş vermiş hadisələrdə soyqırım cinayəti niyyəti olmadığına görə “iztirablı” xalqa qarşı soyqırım cinayəti törədilməmişdir. Sözügedən hadisələrə ən obyektiv hüquqi qiymət məşhur amerikalı alim Massaçusets Universitetinin professoru Günter Levi tərəfindən verilmişdir

 

Soyqırım cinayətinin  tərifi ilk olaraq BMT tərəfindən «Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya» qəbul olunduqdan sonra verilmişdir. Ümumilikdə bu tərif müəyyən qrupun dini, etnik və ya irqi prinsiplərə əsasən tam və ya qismən bilərəkdən məhv edilməsini  nəzərdə tutur. Əgər bu tərifi verilmiş kontekstdə tətbiq etsək, fikirləşirəm ki, həmin dövrdə baş vermişləri soyqırım adlandırmaq olmaz. Mənim fikrimcə, niyyət erməni xalqını qırmaq olmayıb. Çox gumanki, onları «beşinci kolon» köçürmək və ya zərərsizləşdirmək niyyəti güdülmüşdür»[55].

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



[1] İsmayıl Ənvər Paşa  - 1913-1918-ci illərdə Osman İmperiyasının Hərbi Naziri

[2] Məhz bu günü ermənilər uydurma erməni soyqırımının il dönümü kimi qeyd edirlər

[3] Mehmet Tələt-Paşa - 1913-1918-ci illərdə Osman İmperiyasının Daxili İşlər  Naziri

[4] Frityov Nansen “Ermənilər və Yaxın Şərq” Moskva 1994

[5] Kambanda RBCT 4.9.1998 par 16

[6] Case concerning the Application of the Convention on the Prevention and Punishment of the Crime of Genocide (Bosnia and Herzegovina v. Serbia and Montenegro) ICJ 26 fevral 2007 par 162-166

[7] Raphael Lemkin, Axis Rule in Occupied Europe: Laws of Occupation, Analysis of Government, Proposals for Redress (Washington, 1944)

[8]The trial of German Major War Criminals’ (London, 1946), part1

[9] Kambanda RBCT 4.9.1998 par 16

[10] Reservations to the Convention on the Prevention and Punishment of the Crime of Genocide Advisory Opinion (1951) ICJ Rep 15 səh23

[11] W. Schabas, Genocide in international law, Cambridge 2009, səh 153-171

[12] Akayesu RBCT 2.9.1998 par 516

[13] Report of the International Commission of Inquiry on violations of international humanitarian law and human rights law in Darfur UN Doc S/2005/60 par501

[14] Krstic YBCT 19.4.2004 par6-8

[15] A Cassesse, International Criminal Law, Cambridge 2004

[16] Situation in Darfur (Al Bashir arrest warrant case) ICC 4.3.2009 par134-137

[17] Akayesu RBCT 2.9.1998 par 512-515

[18] Payam Akhavan, “The Crime of Genocide in the ICTR Jurisprudence” (2005) 3 JICJ 989

[19] Krstic YBCT 2.8.2001 par 555-556

[20] Kayishema RBCT 1.6.2001 par 151

[21] A-G of Israel v. Eichmann (1968)

[22] Akayesu RBCT 2.9.1998 par 731

[23] ICC EOC, Art 6(b)

[24] Ibid., Art 6 (c)

[25] Bosniya and Herzegovina v. Yugoslavia, ICJ Rep 325 str 431-432

[26] A-G of Israel v. Eichmann (1968), həmçinin bax W. Schabas, Genocide in international law, str 233-234

[27] Brdanin YBCT 1.9.2004 par 118

[28] Bosnian Genocide case ICJ Rep. par 190

[29] Bu qanun barəsində hətta ermənilərin soyqırıminin təbliğatı üçün yaradılmış www.genocide.ru saytındada deyilir http://www.genocide.ru/enc/deportation-law.htm

[30] Николай Бугай, Депортация Народов, Война и общество, 1941-1945 книга вторая. - М.: Наука, 2004.

[30] Akayesu. МУТР, 2.9.1998, par. 507

 

[31] Akayesu RBCT 2.9.1998 par 507                                  

[32] Ibid par 509

[33] Kambanda RBCT 4.9.1998 par 16

[34] ibid

[35]Almaniya Federativ Konstitusiya Məhkəməsinin qərarına bax BvR 290/99, 12.12.2000 par 3

[36] Krstic YBCT 2.8.2001 par 580

[37] Bosnian Genocide case ICJ par 344

[38] Ibid par 199

[39] Kayishema RBCT 21.5.1999 par 96

[40] Bosnian Genocide case ICJ par 198 (müəllif tərəfindən tərcümə edilib)

[41] Krstic YBCT 2.8.2001 par 560

[42] Krstic YBCT Ap. Ch 19.4.2004 par 12

[43] Kayishema RBCT 1.6.2001 par 170

[44] Akayesu RBCT 2.9.1998 par 498

[45] Krstic YBCT 2.8.2001 par 595-597 (müəllif tərəfindən tərcümə olunmuşdur)

[46] Krstic Ap. Ch 19.4.2004 par 133-134

[47] Report, UN Doc. S/2005/60 par 518 (müəllif tərəfindən tərcümə olunmuşdur)

[48] Ф.И. Елисеев, «Казахи на Кавказском фронте», http://grwar.ru/library/Eliseeff-Kazaki/KK_03.html

[49] ibid

[50] Карэн Микаелян, «Преодоление заблуждений. Карабахская проблема в аспекте российско-армянских отношений»

[51] W. Churchill, “The World Crisis”,  Free Press, 2005

[52] Harmen van der Wilt, ‘Complicity in Genocide and International v. Domestic Jurisdiction’ (2006) JICJ 242

[53] Greenawalt, ‘Rethinking Genocidal Intent: The case for a Knowledge-Based Interpretation’ (1999) 99 Columbia Law Review стр 2288

[54] Krstic YBCT Ap. Ch 19.4.2004 par 549

[55] Guenter Lewy, The Armenian Massacres in Ottoman Turkey: A Disputed Genocide, Yuta press 2005

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480
avatar

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00