"Dedim ki, mənə sakitləşdirici iynə vurun"
29 iyul 2013 17:02 (UTC +04:00)

"Dedim ki, mənə sakitləşdirici iynə vurun"

Xoşqədəm Hidayətqızı iyulun 18-də İsmayıllı rayonunda çayda boğulan bacısı oğlundan danışıb. Həmin gün çəkilişdə olan teleaparıcı verilişi dayandırmadığı üçün ona ünvanlanan ittihamların haqsız olduğunu bildirib. 

Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, Xoşqədəm Hidayətqızı həmin anları belə xatırlayıb:

İnsan həyatı elədir ki, heç kim baş verəcək qəfil xətadan, hadisədən sığortalanmayıb. Bu fikir məşhur insanlar üçün də keçərlidir. Amma məşhurluğun da müsbətləri olduğu kimi, yetərincə mənfi xüsusiyyətləri də var. Məsələn, nə sevincini, nə də kədərini doya-doya yaşamaq imkanın olur. Çünki ictimailəşirsən, haqqında deyilən hansısa söz, həyatında baş verən hansısa hadisə həftələrlə, bəzən aylarla müzakirə mövzusu olur. 
Yəqin ki, bu yaxınlarda tanınmış jurnalist, ATV-nin “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının bacısı oğlunun faciəli şəkildə dünyasını dəyişməsi yadınızdadır. Faciəvi xəbəri alan gün Xoşqədəm Hidayətqızı “Səni axtarıram”ın çəkiliş pavilyonunda verilişin növbəti buraxılışını hazırlayırmış və məcburiyyətdən studiyanı tərk edə bilməyib. 
Bacısı oğlunun ölüm xəbərini eşitmək nə qədər ağır və üzücü olsa belə,  X.Hidayətqızı verilişin çəkilişini yarımçıq qoymayaraq, “Səni axtarıram”ın sonuncu buraxılışını axıra çatdırıb. “Səni axtarıram”ın həmin buraxılışı dünən ATV-də yayımlanarkən ekran qarşısında əyləşən tamaşaçılar X.Hidayətqızına üz verən ağır itki barədə verilişin sonunda xəbər tutdular. Aparıcı verilişin əvvəlində aldığı həmin xəbəri proqramın sonunda ürək ağrısı ilə tamaşaçılarla bölüşməklə təskinlik tapmağa çalışdı. 

Buna görə onu qınayanlar da var, haqq qazandıranlar da. Dünənki verilişdən sonra Facebook sosial şəbəkəsində açılan müzakirələrdə Xoşqədəm Hidayətqızının əleyhinə xeyli şərhlər, statuslar paylaşılıb. Onu qınayanlara görə, bir insana şəxsi faciəsindən daha vacib bir şey ola bilməz, X.Hidayətqızı doğma insanın faciəsinə laqeyd yanaşıb. 
Haqq qazandıranlar isə düşünürlər ki, teleaparıcı həmin məqamda "Səni axtarıram"ı ümid yeri bilib gələn insanı, bəlkə də ora gələn insanların sayına bərabər olan veriliş komandasını tərk edə bilməzdi. 

Xoşqədəm Hidayətqızının özü isə həmin anları belə xatırlayır:

- Hadisənin baş verdiyin gün biz verilişin sezon finalını çəkirdik. Efirdə olan zaman texniki məsələləri xəbər vermək üçüm telefon həmişə mənim yanımda olur. Bu zaman efirdə texniki  bir problem yaşandı. Telefonu götürüb heyətə xəbər verdim ki, problemi aradan qaldırmaq lazımdır.  Həmin anda atamın mənə bir neçə dəfə zəng etdiyini gördüm, düşündüm ki, atam hər zaman belə zəng vurur, verilişdən sonra zəng edərəm. Telefonu  bağlamaq istədiyimdə bir mesaj aldım, atam təcili zəng vurmağımı yazırdı. Sonra məcbur olub zəng vurdum, o, birbaşa xəbəri mənə verdi. Ondan sonranı xatırlamıram, özümə gələndə həkimlərdən xahiş etdim ki, mənə sakitləşdirici bir iynə vursunlar ki, verilişi bitirim. Çünki  studiyada əyləşən 100 nəfər insana və çoxu uzaq rayonlardan gələnlərə qarşı hörmətsizlik edə bilməzdim. Həm rəhbərlik, həm də studiyada  əyləşən ekspretlər də dedi ki, “kimsə sizdən inciməyəcək, bu verilişi yarıda dayandıra bilərsiniz”. Mən inad etdim və verilişi sonacan davam etdirdim. Mənim üçün bu xəbər nə qədər ağır və hədsiz dərəcədə üzücü olsa da, fikriləşirəm ki, studiyada əyləşən 100 nəfərin dərdi də mənim dərdim idi.  İllər sonra öz yaxınlarını görmək üçün xəbər gözləyən insanlara qarşı bu hörmətsizliyi edə bilməzdim. Mənim üçü çox çətin idi. Açığını deyim ki, hər reklama çıxışda göz yaşlarımı saxlaya bilmirdim, o mənim də balam idi, bacmın ən sevimli övladı idi. Mənim peşəm elə bir peşədir ki, öncə ona, daha sonra məni sevənlərə hörmət əlaməti olaraq bu verilişi sonacan aparmalıydım. Bəlkədə məni qınayanlar da oldu, bu verilişi dayandırmalı idi deyənlərdə…  
Amma düşünürəm ki,  mən düzgün addım atdım, orada əyləşən 100 nəfər xəbər gözləyənə hörmət etdim.  Məncə onda Bəxtiyarın da ruhu şad oldu. O, mənim verilişimə tərif də deyirdi, tənqid də… Mən inanıram ki, neçə illərdir doğma anasının həsrətiylə yaşayan Murada sevindirci xəbərin verilməsi və sevinməsinə onun da ruhu şad oldu. Əgər mən mənə baxan milyonlarla tamaşaçının övladıyam deyirəmsə, onda onların adına layiq olmalıydım. Onların da adına layiq olan şəxs kədərin və sevincin nə olduğunu dərk edən və onların ikisinində bu həyat yolunda qoşa addımladığını biləndir...  
Dünən verilişi  izlədim və özümə də təccüblü idi ki, mən necə də bu  iradəni, gücü toplayaraq proqramı sonacan aparmışam. Veriliş boyunca mənə 3-4 dəfə sakitləşdirici iynə vurulmuşdu.  Kim nə deyirsə desin, mən düzgün addım atmışam. Həm peşəmə hörmət baxımından, həm də məni sevən, izləyən milyonlara hörmət baxımından.  

Tanınmış telejurnalist Qulu Məhərərəmli də X.Hidayətqızını qınayanlarla razı deyil. Onun sözlərinə görə, baş verən gözlənilməz hadisəylə bağlı hansısa konkret düstur yoxdur: 
“Ümumi qəbul olunmuş qaydaya görə, aparıcı öz problemlərini və əhval-ruhiyyəsini tamaşaçıya təlqin etməməlidir. Xoşqədəm Hidayətqızı ilə bağlı məsləyə gəlincə, onun davranışı doğrudur. Mən deyərdim ki, bu, aparıcının qəbul etdiyi fərdi qərardır. Burda rəhbərlik heç bir müdaxilə etmədi. Qəfil baş verən bir hadisə və bu hadisədən aparıcının xəbər tutması və çox dözümlü xarakter nümayiş etdirməsi onun peşəkarlığından irəli gəlir. Biz həm də aparıcıları ona görə dəyərləndiririk ki, yaranmış qeyri-adi situasiyadan çıxış yolunun dürüst şəkildə tapa bilirlər. Bu verilişin xarakteri və dramaturji situasiyaların sıralanması aparıcıya belə qərara gəlmək imkanı verir. Və hesab edirəm ki, televiziya etikası baxımından bu çox düzgün addım idi”.  

Bakı Dövlət Universitetinin professoru, media eksperti Cahangir Məmmədlininfikrincə, efir çox məsulliyət tələb edən bir məkandır. 
”Baş verən bütün hadisələri efirə güzəştə getmək lazımdı. Burda etik yanaşma da var, amma prinsipcə televiziya efiri çox ciddi bir yerdir. Tamaşaçıları heç nəyə qurban vermək olmaz. Əgər veriliş gedərkən aparıcıya verilən bəd xəbərdən sonra verilişi davam etdiribsə, bu televiziya jurnalistkasında müsbət bir hərəkətdir. O insan peşəkar aparıcılıq qabiliyyətinə malik biridir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1595
avatar

Oxşar yazılar