GÜNÜN ŞƏRHİ
Türkiyənin baş naziri Binəli Yıldırımın son açıqlamaları ilə Britaniya mətbuatında gedən məlumatlarda bir məqam üst-üstə düşür. Həm baş nazir, həm media müxtəlif formalarda Türkiyədə ikinci çevriliş ehtimalının hələ aradan qalxmadığını bildirir. Britaniyanın Türkiyəyə hərbi müdaxiləyə hazırlaşması xəbəri üç məqama hesablanıb. Birincisi, ölkədə növbəti hərbi çevriliş təhlükəsinin hələ də qaldığı barədə mesaj verilir, ikincisi, Qərbin nəzərində Türkiyənin istənilən anda xarici hərbi müdaxiləyə məruz qala biləcək, zəif, müdafiəsiz dövlət olduğu nəzərə çarpdırılır, ən nəhayət üçüncüsü, turistlərə "Türkiyəyə getməyin" mesajı verilir. Əvvəllər "Daily Express" qəzetində gedən bu kimi məlumatları ciddiyə almamaqda olardı, hər bir qəzeti təmsil etdiyi qrupun maraqları ilə yanaşı həm də reytinq maraqlandırır. Ucuz reytinq dalınca qaçmaq isə hər ölkədə medianın əl atdığı ənənəvi üsuldur. Amma nəzərə alaq ki, 15 iyuldan hələ 3-4 ay əvvəl də Qərb mətbuatında Türkiyədə hərbi çevriliş olacağı barədə məlumatlar, şərhlər, təhlillər dərc olunurdu. O zaman bu kimi məlumatları nəzərə almamaq sonda Türkiyəyə baha başa gəldi. Bu səbəbdən Ankara bir daha 15 iyul hadisələri ilə üzləşməmək üçün hər ehtimalı nəzərdən keçirməyə məcburdur, hətta borcludur. Həm Binəli Yıldırımın, həm prezidentin baş mətbuat katibi İbrahim Kalının, həm milli müdafiə naziri Fikri İşığın və çoxsaylı ekspertlərin "Türkiyədə ikinci çevriliş təhlükəsi aradan qalxmayıb" açıqlamaları göstərir ki, Ankara bütün ehtimalları nəzərə almağa başlayıb. Demokratiyanı müdafiə mitinqlərinin müddətinin bir həftə daha uzadılması qərarını bu cür anlamaq lazımdır.
[b]Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 2 Avqust[/b]
151